Məşhur bacıların diplomu ləğv olunur? – “Bu qanunsuzluğa hüquqi qiymət verilməlidir”backend

“Sevil-Sevinc bacılarının bu etirafı heç xoşagələn deyil. Bu, kiminsə haqqına girməkdir”.

“Yeni Gundem” xəbər verir ki, bunu Yenisabah.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O, müğənni Sevil və Sevinc Səfərova bacılarının Xəzər TV-də səsləndirdiyi açıqlaya münasibət bildirib.

Xatırladaq ki, əkizlər qonaq olduqları “Fəlidən doğru xəbər” verilişində Fəlinin Sevilə ünvanladığı “Sevincin yerinə nə etmisən” sualına belə cavab verib: “Universitet illərində bacım Sevincin yerinə qabiliyyət imtahanına mən girmişəm. Həmin imtahanı onun əvəzinə mən vermişəm”.

Mövzu ilə bağlı danışan K. Əsədovun sözlərinə görə, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən, imtahanın baş vermə anında hər hansı bir köçürmə halları baş tutarsa, həmin şəxsin imtahan nəticələri ləğv edilməlidir:

“Cinayət Məcəlləsinə əsasən, qanunsuzluq halı baş veribsə, həmin hadisənin qüvvədə olma müddəti var. Kimsə hansısa qanun pozuntusu həyata keçirdiyin etiraf edərsə, bu həmin şəxsi təqsirkar etmir. Bunu təsdiqləyən sənəd və faktlar lazımdır.

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan zamanı qanunsuzluqların qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər görür. Yeni sistemə əsasən, bir şəxsin digərinin yerinə imtahan vermə hallarının qarşısını almaqdan ötrü üztanıma proqramı həyata keçirilir. Amma əvvəllər texnologiya o qədər də inkişaf etmədiyi üçün buna nail olmaq olmurdu.

Bu qanunsuz hallarla tez-tez üzləşirik. Onlarla tələbənin imtahan nəticəsi məhz buna görə ləğv edilir. Sevil-Sevinc bacılarının bu etirafı da heç xoşagələn deyil. Bu kiminsə haqqına girməkdir. Bunu “qəhrəmanlıq” kimi təqdim etmək olmaz. Onlar yalnız musiqiləri ilə yox, əməlləri ilə də nümunə olmalıdır. Tutaq ki, bu etirafı hansısa abituriyent eşitdi, özünün ağlına gəlmədiyi halda bundan yararlanacaq. Odur ki, bu qanunsuzluğa hüquqi qiymət verilməlidir ki, digərlərinə də dərs olsun.

Sevil-Sevinc bacılarının bu etirafı təsdiqini taparsa, Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanının nəticəsini ləğv edəcək və diplomları Elm və Təhsil Nazirlik tərəfindən tanınmayacaq”.