Məsuliyyətli ölkə olaraq Azərbaycan sülh yolunu seçirbackend

Məsuliyyətli ölkə olaraq Azərbaycan sülh yolunu seçir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 Avqust 2021-ci ildə “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geostrateji reallıqların fonunda bütün qonşu ölkələrdən, eləcə də dünya birliyindən baş verənlərə obyektiv münasibət bildirmələri və bundan sonrakı proseslərdə qarşılıqlı əməkdaşlıq zəminində iştirakları üçün adekvat mövqelərdən çıxış etmələri gözləntisində olduğumuzu   bir daha açıq şəkildə bəyan etdi. Eyni zamanda da bu müsahibə, əslində, Azərbaycana qarşı düşmən mövqelərdə duran, ölkəmiz üçün yeni təhdidlər xülyasında olan bütün qüvvələr üçün aşkar xəbərdarlıq mesajları vermiş oldu.
Bu gün regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirməsi artıq bütünlüklə Ermənistan hökumətinin məsələyə düzgün yanaşmasından asılı olacaqdır. Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Azərbaycan bunu istəyir. Prezidentimiz cənab İlham Əliyev, əslində, bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində olanlar hələ də düzgün mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir

Cənubi Qafqazda regional sabitlik və davamlı inkişafın bərqərar olması üçün kommunikasiyaların açılması, ilk növbədə Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası zəruridir. Bu tələblər Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da iqtisadi inkişafına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Ancaq dövlət başçımızın dediyi kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanların və hakim dairələrin beyinlərini o dərəcədə zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi istənilən halda açılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Famil Abbasov-Vətən müharibəsi iştirakçısı

 

Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz

Prezidentimiz cənab İlham Əliyevin müsahibəsində yer alan ən əhəmiyyətli məqamlardan biri də erməni əsgərlərinin Laçın dəhlizi ilə Qarabağa göndərilməsi faktı barədə olan fikirləridir. Ermənistan hökumətinin qeyri-müəyyən mövqe tutmasını sübut edən faktlardan biri də son vaxtlar bu ölkənin əsgərlərinin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa göndərilmələridir. Öz müsahibəsində bu məsələyə də toxunan Ölkə Prezidentimiz cənab İlham Əliyev belə halların yolverilməz olduğunu və Azərbaycanın hər an adekvat tədbirlər görə biləcəyini açıq-aydın bəyan etdi. Dövlət başçımız bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Lakin bu proses davam edir. Azərbaycan artıq bir neçə dəfə şifahi qaydada öz iradlarını bildirsə də, bunun nəticəsi olmayıb.
Nəhayət, Azərbaycan öz iradını rəsmi qaydada bildirdi. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Laçın dəhlizi ilə hərəkət edən bütün insanları və texniki vasitələri dəqiqliyi ilə müşahidə edə bilir, həmçinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri diqqətlə izləyir. Əgər Ermənistan yenidən müharibəyə hazırlaşarsa, onda dərhal adekvat tədbirlər görüləcək. Dövlətmizin  başçısı Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə çalışan bütün qüvvələri bu barədə son dərəcə aydın şəkildə xəbərdar etdi.  İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onların hamısı üçün dərs olmalıdır.

Rasim Hüseynov-Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi

Cənab Prezidentimizin “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində üçtərəfli 10 noyabr Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz əməl olunmasının Cənubi Qafqazda bundan sonra davamlı sülhün, sabitlik və inkişafın bərqərar olması üçün zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyinin göstərdi. Bizim Vətən müharibəsindəki qələbəmiz həqiqətən də tarixi bir Zəfərdir. Dövlət başçımızın da öz müsahibəsində qeyd etdiyi kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, həm böyük ədalətsizlik və həm də bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. 30 il ərzində nə ATƏT-in Minsk qrupu bu məsələnin həllinə yaxınlaşdı, nə də BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu zaman ərzində aparılan danışıqların heç bir əməli nəticəsi olmadıqca, bu məsələnin faktiki olaraq dondurulması prosesi gedirdi. Cənab Prezidentimiz bütün bu illər ərzində dəfələrlə demişdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Nəhayət, dövlət başçımızın dediyi sözlər öz yerini tutdu və xalq-dövlət olaraq Vətən müharibəsinə başlayaraq öz tarixi torpaqlarını işğaldan azad etdik. Tarixi ədalət zəfər çaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
İndi əsas məsələ Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davamlı olmasını təmin etməkdir. Bunun üçün isə bütün region ölkələri öz prinsipial və real mövqeylərini ortaya qoymalıdırlar. Cənab Prezidentimiz öz mövqeyini aydın şəkildə bəyan edərək, Ermənistanla sülh müqaviləsi imzalanmasının tərəfdarı olduğunu bildirib. Dövlətimizin məqsədi budur ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin müəyyən edilməsi prosesi də başlasın.

Rəşid Şərifov-Əlvənd kənd sakini, ağsaqqal

 

Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın inkişafı, həyata keçirilən mühüm tədbirlər bu gün ölkəmizin dünya miqyasında nüfuzunu xeyli artırıb. Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət həyata keçirir. Nəticədə, Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Hazırda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Bu baxımdan, Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, “Azərbaycanda demokratik institutların fəaliyyəti”, qəbul edilmiş sifarişli “hesabat”lar və s. məsələlərlə bağlı AŞPA-da aparılan müzakirələr adıçəkilən təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Şübhəsiz ki, bu cür qərəzli münasibətin yaranmasında erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən bəzi insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak edirlər. Bu Avropa Şurasının Azərbaycana qarşı ikili standartlar siyasətinin dalğasının uzun müddətdir ki, davam etdiyini göstərir. Həmçinin AŞPA-da saxta məlumat əsasında “məruzələr” dərc olunur və “qətnamələr” qəbul edilir. Bununla yanaşı, təşkilatın “hesabat” və “monitorinqləri” müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiq məqsədi daşıyır.

Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

 

44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi.

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
Bu Şanlı Zəfərlə Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Dünya Azərbaycanın və qalib ordumuzun gücünü gördü. Yeni nəsil müharibə üsulu ilə Azərbaycanın şanlı ordusu erməni quldurlarının 30 ildir ki, əsarətdə saxladığı torpaqlarda istehkamları yarıb keçdi, addım-addım, minimum canlı qüvvə itkisi ilə qəhrəmanlarımız hər bir parça Vətən torpağında şanlı bayrağımızı dalğalandırdılar. Böyük əmək, planlanmış strategiya və ciddi əlaqələndirilmiş mərkəzi komandanlığın əzmi cəmi 44 günə düşməni diz çökdürdü.
Artıq indi ortada qalib Azərbaycan ordusu, məğlub erməni ordusu və bir də azad edilmiş torpaqlar var. Bu gün dünya da anlayır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Təəssüf ki, Ermənistan Birinci Qarabağ savaşında da müharibə cinayətləri törətməyi bacardı. Lakin o vaxt informasiya mühiti fərqli idi deyə, bu cinayətlər dünyada elə də ictimailəşmədi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmadı. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər.
Amma ikinci Qarabağ müharibəsi tamamilə fərqləndi, qarşı tərəfin müharibə cinayətləri dünyaya anında yayımlanaraq ifşa edildilər. 44 günlük müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Məsələn, Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Özü də bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.
Əlbəttə beynəlxalq aləmdə mülki əhaliyə hücum qəti şəkildə pislənilir. Müharibə zamanı mülki əhaliyə qarşı törədilmiş cinayətlər isə erməni siyasətinin xislətindən xəbər verdi. Nəinki Gəncə, digər ərazilərdə də bu cür cinayətlərin şahidi olmuşuq. Məsələn, Tərtər balaca şəhər olsa da, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atdılar.
Düşmənlərimiz bununla da soyumayaraq Bərdəni bombaladılar. Naftalan faciəsi də ən ağrılı hadisələrdən oldu. İşğalçı ordu Naftalana bomba atandan sonra beş nəfərlik ailə öz evindəcə qətlə yetirildi.
Bu gün artıq müharibə yekunlaşsa da, Ermənistanda qatı düşmənçilik mövqeyi hələ də qalır. Bununla bağlı isə Azərbaycanın mövqeyi qətidir, ölkə başçısının sərt bir mesajları da var: “Revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Gələcəkdə hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Buna şübhə olmamalıdır. Amma revanşizmə köklənmək ağılsızlıqdır ki, buna da ancaq erməni siyasi elitası gedərdi…”

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Rəsmi İrəvan hərbi cinayətkardır

Dinc şəhərlərə qadağan olunmuş kasetli raketlərlə hücumlar hərbi cinayət hesab edilir. Ermənilərin xain cinayətləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kimlərinsə arxasında gizlənən bu xain millət, başqa xalqların qanının axıdılmasından daim həzz almışdır. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaqdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Azərbaycan-Türkiyə qardaşlığı tarixi sınaqlardan keçib

Bəşəriyyət tarixinə bir-birinə yaxın, dost ölkələr kimi düşən dövlətlər az deyil. Amma onların heç biri dünya birliyinə örnək olacaq Türkiyə–Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyil. Bunun əsas səbəbi əlaqələrimizin mərkəzində dayanan xalqlarımızın sıx bağlılığıdır. Bu yaxınlıq böyük sınaqlardan çıxıb və bütün siyasi hakimiyyətlərin yaxınlığına güclü təkan verib.
Türkiyə ilə Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin inkişaf mərhələsi ötən əsrin əvvəllərindən başlayıb. Birinci Dünya müharibəsinin başlanması, həmçinin çar Rusiyasının parçalanması nəticəsində ortaya çıxan şərait Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxından dəstək olması zərurətini yaradıb. Zəfər təcəssümü olan Çanaqqala döyüşlərində türklərlə yanaşı, azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşlərdə qəhrəmancasına şəhid olublar. Balkan savaşlarında, Türkiyənin İstiqlal mücadiləsində də yüzlərlə azərbaycanlı döyüşərək canından keçib. Geliboludakı türk şəhid məzarlıqlarında azərbaycanlılara aid qəbirlər türk zəfərlərində bizim də izimizin olmasını təsdiqləyir. 1915-ci ildə Rusiya və Osmanlı Türkiyəsi arasında müharibə başlanan zaman xeyli soydaşımız Çanaqqalada döyüşüb. Eyni zamanda, Güney Azərbaycandan olan həmvətənlərimizin də Osmanlılar tərəfində vuruşduğu barədə faktlar məlumdur.
Türkiyə də heç zaman bizdən qardaşlıq köməyini əsirgəməyib. 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada böyük qəhrəmanlıq tarixi yazıblar. Məhz Nuru paşanın ordusunun gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alınıb. Həmin vaxt Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin işğalından qurtarmaq, insanlarımızın kütləvi soyqırımının qarşısını almaq üçün xeyli sayda türk əsgəri şəhid olub. SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmağa çalışıblar. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdığı məzarlığı müqəddəs ocaq kimi qoruyub saxlayıb. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin, məhz Azərbaycanın qürur yeri olan Şəhidlər xiyabanında ucaldılması Türkiyə və Azərbaycan xalqlarının hər zaman birlikdə olduqlarının daha bir təsdiqidir.
XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqillik qazandıqdan, suveren dövlət qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət, məhz Türkiyə olub. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamından güc alan rəsmi Ankara Azərbaycan Respublikasına hər cür mənəvi və əməli dəstək verib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət, iki dövlət” mərhələsinin əsasını qoyub. Bundan əvvəl isə iki qardaş xalq və ölkə arasında “Ümid körpüsü” adlı daha bir tarixi dastan yazılıb. Dili, dini, ruhu bir olan iki xalqın bir-birinə qovuşması, yurddan-yurda, könüldən-könülə körpü salınması və agır blokada vəziyyətində olan Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi üçün atılan bu addım da qardaşlıq tariximizə qızıl hərflərlə yazılıb. Həmin tədbirdə Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl dünyanın diqqətini Türkiyə–Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək demişdir: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.
Ümummilli liderimiz Heydər Əliyev isə öz çıxışında xalqlarımız arasında uzun illər davam edən həsrət və intizarın sona çatmasına işarə etmişdir: “Bu gün arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, bu günü gözləyirdik və arzularımız həyata keçdi”. Həmin dövrdə Naxçıvan MR Ali Məclisinin sədri olan, ulu öndər Heydər Əliyev imzaladığı qərarla Sədərək–Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etmişdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmişdir

Azərbaycan Ordusu!..
Bu ifadənin mahiyyətindəki əzəmət artıq onun faktiki mövcudluq qüdrəti ilə tamamlanır. İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq.
Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Şanlı qələbədən bir müddət ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq. Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı…
Avqust ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına geniş müsahibə verib. Azərbaycan və Türkiyə mətbuatında geniş yer ayrılan bu müsahibədə ölkə başçısı müxtəlif istiqamətləri əks etdirən sualları cavablandırılıb, bir sıra məsələlərə aydınlıq gətirib.
Vətən müharibəsində qazanılan şanlı Qələbə 30 ilə yaxın torpaq həsrətinə son qoydu. Azərbaycan Dövlətinin Prezidenti İlham Əliyevin qətiyyətinin nəticəsində Azərbaycan Ordusu gücünü, qüdrətini nümayiş etdirdi, nəinki ölkəmizin, dünyanın hərb tarixinə yeni səhifə yazdı. Zəfər Günümüz 30 ildə qət olunan yolun uğuru, qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində zəngin mənbə oldu.
Döyüş hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən Prezident İlham Əliyevin təkmil islahatlara, yeniliyə, müasirliyə əsaslanan siyasəti nəticəsində son 17 ildə Azərbaycan bütün sahələrdə ilklərə imza atıb.
Hər bir çıxışında Azərbaycan Ordusunun gücünə, qüdrətinə böyük əminlik nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır.
Rəşadətli Ordumuz ona olan inamı Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiqlədi, sahibini gözləyən bu ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdı.
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə bölgədə yeni geosiyasi mənzərənin yaradılması möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev mərkəzinin direktoru

 

Bütün çətinliklərə baxmayaraq biz qələbəyə inanırdıq

Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə
Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının zəfəridir. Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Əlbəttə, bu parlaq səhifələri Azərbaycan tarixinə yazmaq heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq cənab Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd və mərdanə şəkildə sinə gərdi. Öz prinsipial mövqeyindən bir an belə dönmədi. Azərbaycan xalqı isə onun bu qətiyyətini sonuna qədər dəstəklədi. Prezidentin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu müsahibələrdə Azərbaycana yönələn hər bir daşı hədəfinə çatmadan geri göndərildi. Yekun qələbəmiz azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmır və məğrur xalq gec-tez öz məqsədinə çatır.
Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilib. Bu tarixi günləri hər bir azərbaycanlı kimi, mən də böyük qurur, fəxarət və coşqu ilə qeyd edirəm.
İnanıram ki, bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün sahələrdə dinamik inkişafına yeni təkan verəcək.

Elnur Məmmədov-Çallı kənd sakini, gənс