“Mətbəxdə siçovulları öldürüb çölə atırlar” – Məşhur restorandan şikayətbackend

“Fayton” restoranının mətbəxindəki üfunət iyindən öz mətbəximizdə yemək yeyə bilmirik. O qədər natəmizlikdir ki, qapını açıb bayıra çıxanda sürü ilə milçək üstümüzə hücum çəkir. Şikayət edirik, bir gün təmizlik edirlər, sonra yenə əvvəlki vəziyyət davam edir”. Bu şikayətlə sözügedən restoranın yaxınlığındakı gözəllik salonunun əməkdaşı Günel Cəfərova müraciət edib.

Onun sözlərinə görə, restoran şəhərin mərkəzində – Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşir. Restoranın həm girişi, həm də binanın arxa tərəfində yerləşən mətbəxin çıxışı salonla yan-yanadır.

Şikayətçi deyir ki, pəncərələri bağlı saxlasalar belə, içəridə iydən oturmaq mümkün deyil:

“Mətbəxdə siçovulları öldürüb pəncərədən bayıra atırlar, pişiklər qapının ağzına toplaşır. Tarakanlar divara dırmaşır, iydən baş çatlayır. Bu, biabırçılıqdır, insanlar burada necə qidalanır, bilmirik. Pəncərəni bağlasaq belə, içəriyə zibillikdən iy gəlir. Bu dövrdə kəndlərdə belə mətbəx yoxdur. Şikayət edəcəyimizi deyəndən sonra yığışdırmağa başlayıblar. Amma bilirik ki, bunun xeyri yoxdur. Şikayət edirik, iki gün düzəlir, sonra yenə əvvəlki halına qayıdır. Bizdə videolar da var, lakin mətbəxin içərisinə girə bilmədiyimizə görə ancaq kənardan natəmizliyin bir hissəsini çəkə bilmişik”.

Restoranın rəhbəri Rövşən Tağıyev isə “Qafqazinfo”ya açıqlamasında iddiaların doğru olmadığını söylədi.

Onun sözlərinə görə, hazırda restoran fəaliyyət göstərmir: “Bir ildir restoran işləmir, mətbəxdə ancaq çörək bişirib satırıq. Biz bilirik, niyə bizdən şikayət ediblər. Mənim işçilərim onlarla dava edirlər ki, öz zibillərini bizim zibil qabına atırlar, biz də onların yerinə zibil atırıq. Neçə dəfə şikayət olunub, ona görə də bizimlə davaya başlayıblar”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, daxil olan müraciət qeydə alınıb və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.