Mətbuat Şurası: Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılırbackend

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması Azərbaycan mediasına, ümumən ölkəmizin informasiya məkanına təsirsiz ötüşməyib. Belə ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimiz cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirib və yetirməkdədir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verir, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olurlar”.

Bu barədə “Yeni Gündəm”-ə Mətbuat Şurasından bildirilib:

“Təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir”.