Mətbuatımızı “qara ləkə”dən xilas etməyin vaxtı çoxdan yetişib – İLGİNC DETALLARbackend

 

Bu gün dünyada və regionda cərəyan edən proseslər Azərbaycan dövlətini və xalqını ayıq-sayıq olmağa məcbur edir. Yerləşdiyimiz coğrafi mövqenin əlverişli olması səbəbindən dünyanın diqqətinin Cənubi Qafqaza yönəlməsi xarici siyasət addımlarımızı maksimum dərəcədə  ehtiyatla atmağa zəmin yaradır. Sevindirici haldır ki, Azərbaycan hökuməti bu vacib missiyanın öhdəsindən uğurla gəlməyi bacarır. Ancaq günü-gündən güclənən və inkişaf edən Azərbaycanın qazandığı uğurları heç də bütün dövlətlər həzm edə bilmir. Ermənistan və İran kimi mənfur qonşularımızın olduğunu nəzərə aldıqda, necə təhlükəli bir coğrafi mövqedə yerləşdiyimizi təsəvvür etmək elə də çətin olmur.

 

Tehrandakı səfirliyimizdə törədilən son terror aktını, Azərbaycanda kök salan İranın casus şəbəkəsinin fəaliyyətini misal göstərmək kifayət edir. Belə bir çətin dönəmdə “sapı özümüzdən olan balta”ların yağışdan sonra bitən göbələk kimi üzə çıxması və ölkəmizə qarşı qarayaxma kampaniyalarında aktiv iştirak etməsi isə vəziyyəti daha da qəlizləşdirir.

Belə ki, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən ümummilli məsələlərdə həmin bu “sapı özümüzdən olan baltalar” qabağa verilir və beləcə mövzunu başqa istiqamətlərə yönəltmək üçün məkrli missiya “fəaliyyətə başlayır”. Dərhal da “insan haqları” və ya “siyasi məhbus” kartlarından istifadə olunur. Aydındır ki, “Aşığın sözü qurtaranda dalay-dalay” etdiyi kimi, bu cür vətənşüvənlər də başqa bir tutarlı arqument tapmadıqlarından teleyüklü mövzulardan diqqəti məhz siyasi aspektlərlə yayındırmağa cəhd göstərirlər. Hazırda İranın xüsusi xidmət orqanları tərəfindən Tehrandakı səfirliyimizdə törədilən terror aktına üzülən Azərbaycan xalqının və dövlətinin bu faciənin beynəlxalq səviyyədə araşdırılmasına nail olmağa çalışdığı bir vaxtda daxildəki “xain”lər və ya “xaricdəki “ağa”larının əlinə baxan” satqınlar  gündəmi dəyişmək üçün dəridən-qabıqdan çıxır. Bununla ölkəmizin beynəlxalq səviyyədə qazandığı imicini korlamağa cəhd göstərən antimilli ünsürlərə qarşı Azərbaycan xalqı hər zaman sərt təpki göstərib. Amma indi vəziyyət daha ciddi xarakter aldığından xalq-dövlət birliyinin ən yüksək səviyyədə olması vacib şərtlərdəndir.

Qeyd edək ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları ən çox xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən bəzi “media qurum”ları vasitəsi ilə həyata keçirilir. Elə İranın Azərbaycanda “yuva salan”, fars-molla rejiminin himayəsi ilə fəaliyyət göstərən “media resurs”larına qarşı xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyatları xatırlamaq yerinə düşər. Uzun illər İranın ölkəmizdə təbliğatını aparan, din adı altında fars rejiminin qanunlarını təbliğ edən bu cür media qurumlarının kökü kəsiləndə isə bəzi mənfur qüvvələr “söz azadlığının boğulması” faktorunu gündəmə gətirir. Ancaq ağlı başında olan, Vətənini sevən hər kəs medianın necə vacib bir “silah” olduğunu yaxşı anlayır və bu sahəyə dövlət nəzarətinin həyata keçirilməsinin vacibliyini dərk edir.

Bu gün savaş təkcə döyüş meydanında aparılmır. Həmçinin informasiya müharibəsi əsas “silah” kimi daha böyük rol oynayır. Odur ki, işi-gücü saxta informasiyaları tirajlamaq və şantaj yolu ilə insanlardan pul tələb etmək olan “reket media” resurslarının  “Media haqqında” qanunu və  media reyestrini “söz azadlığının məhdudlaşdırılması” kimi qələmə verməsi  təəccüblü görünməməlidir. Bu mexanizmin tətbiq olunması əlbbətə ki, onlara sərf etmir və “fəaliyyətlərinə” kölgə salır. Ancaq təəccüblüsü odur ki, bu cür qeyri-peşəkar, heç bir maddi-texniki bazası olmayan, peşə kodeksinə məhəl qoymayan, saxta məlumatlar yayaraq cəmiyyətdə çaşqınlıq yaradan, şantaj yolu ilə pul tələb edən “reket media” qurumlarının havadarları da çoxluq təşkil edir. Onların arasında özünü cəmiyyətə “ciddi media eksperti” kimi sırıyanların olması isə əsl faciədir. Bu şəxslər peşəkar Azərbaycan mediasını nüfuzdan salmaq, mətbuatla bağlı problemləri beynəlxalq müstəviyə çıxararaq qrantlar almaq üçün “reket jurnalist”lərin “fəaliyyətindən” bəh-bəhlə istifadə edirlər. Ancaq “media reyesteri”nin yaradılması, peşəkar və ciddi jurnalistlərin, eləcə də media qurumlarının həmin reysterə daxil olması bu sahəyə kölgə salan “qəhrəmanlar”ın əl-qolunu birdəfəlik bağlayacaq. İnanırıq ki, “reket media”ya qarşı aidiyyatı qurumlarla yanaşı hüquq mühafizə orqanları da hərəkətə keçərək, lazımı ölçü götürəcək. Çünki mətbuatımızı “qara ləkə”dən xilas etməyin vaxtı çoxdan yetişib.

Müşviq Tofiqoğlu

Konkret.az