Millət vəkili Cəmaləddin Özdəmirlə görüşdü – FOTOLARbackend

Azərbaycan Qaçqınlar Cəmiyyətinin ofisində Cəmiyyətin və Qərbi Azərbaycan İcmasının fəalları ilə “Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyi – Mədinə”nin təsisçisi və rəhbəri Cəmaləddin Özdəmir bəyin görüşü olmuşdur.

“Yeni Gündəm” xəbər verir ki, qonağı salamlayan AQC və QAİ sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Cəmalləddin bəyin Azərbaycan mədəniyyətinin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndirmiş, bu sahədə ona uğurlar arzulamış, Cəmiyyət və İcma olaraq bu məsələdə ona dəstək verməyə hazır olduqlarını bildirmişdir.

Millət vəkili Əziz Ələkbərli Cəmaləddin bəyin Azərbaycan üçün bu önəmli – Zəfər Bayramının qeyd olunduğu günlərdə gəlişini də əlamətdar hesab etmişdir. Ə.Ələkbərli Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun və Azərbaycan xalqının qazanmış olduğu bu Zəfərin region dövlətləri və bütün Türk dünyası üçün tarixi əhəmiyyətindən qonağa bəhs etmişdir.

“Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyi – Mədinə”nin təsisçisi və rəhbəri Cəmaləddin Özdəmir bəy səmimi görüş üçün təşəkkürünü bildirmiş, son bir ildə “Mədinə” muzeyi ilə Qərbi Azərbaycan İcması arasındakı əməkdaşlığın səmərəli olduğunu, birgə keçirdikləri onlayn konfransların geniş əks-səda doğurduğunu, Azərbaycan həqiqətlərinin Avropada, xüsusilə Almaniyada təbliğinə töhfə verdiyini xüsusi qeyd etmişdir.

Görüşdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə müavini dos. Həqiqət Hacıyeva, QAİ Aparat rəhbəri Abduləli Həsənov, QAİ Qadınlar Şurasının sədr müavini Rəhilə Abdullayeva və b. çıxış etmiş, Bakıda “Qərbi Azərbaycan Muzeyi”nin yaradılması məsələsinin vacibliyi məsələsi də səsləndirilmişdir. Cəmaləddin bəy “Qərbi Azərbaycan Muzeyi” yaradılacağı təqdirdə bu işə dəstək verməyə hazır olduğunu bildirmişdir.

Tədbirdə qonağa Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı xatirə hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda xatirə şəkillər çəkilmişdir.