Millət vəkili hava limanında qazini qarşıladı – FOTObackend

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov 44 günlük Vətən Müharibəsi qazisi Nəsirov Elmar Elmir oğlunu Gəncə Beynəlxalq Hava Limanında qarşılayıb.

“Yeni Gündəm” xəbər verir ki, qarşılama mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, qazinin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.

Bu gün Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan və müalicə üçün “YAŞAT” fondunun dəstəyi ilə Türkiyəyə göndərilən qazimiz Goranboy rayonu Borsunlu kənd sakini Nəsirov Elmar Elmir oğlu əməliyyat olunaraq vətənə geri qayıdıb. Onun qarşıdakı günlərdə müalicəsi üçün yenidən Türkiyəyə gedəcəyi gözlənilir.

Vətənə geri qayıdan qazimiz ona göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Türkiyədə müalicə və reabilitasiya prosesini keçən qazimizin bütün xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilib.

Qarşılama mərasimindən sonra icra başçısı və millət vəkili rayon ağsaqqalları və qaziləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib.