Millət vəkili Ramil Səfərova görə mediaya müraciət etdibackend

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov özünün rəsmi Facebook səhifəsində ölkənin media mənsublarına müraciət ünvanlayıb.

“Yeni Gündəm” millət vəkilinin müracətini oxucularına təqdim edir:

“Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyanın Azərbaycana və Macarıstana qarşı işi” üzrə qərarından sonra media orqanlarında lüzumsuz informasiyalar yayılmaqdadır.

Əziz media mənsubları,

biz məsələnin mahiyyətinə diqqət yetirməliyik:

1. Erməni tərəfinin AHİM məhkəməsinə müraciətinin məqsədi nə idi? – 31 avqust 2012-ci ildə R.Səfərov barəsində əfv sərəncamını qanunsuz hesab etdirərək Səfərovun yenidən məsuliyyətə cəlb edilməsi.

Beynəlxalq Məhkəmənin qərarında oxşar tələb varmı? – Xeyr. Bu erməni tərəfin birinci fiaskosu.

2-si, erməni tərəfinin Məhkəmədən ikinci tələbi bu idi ki, R.Səfərovun əməlinə görə məsuliyyət dövlətin üzərinə qoyulsun. Beynəlxalq hüquq praktikasına əsasən, dövlət yalnız hansısa hüquqi sənəd əsasında səlahiyyətləndirdiyi iş üzrə, vəzifəli şəxsin həmin vəzifələri yerinə yetirilməsi ilə bağlı məsuliyyət daşıya bilər. Avropa Məhkəməsi də məhz bu hüquq düşüncəsini rəhbər tutaraq erməni tərəfin bu iddiasını da rədd edib. Bu isə erməninin ikinci fiaskosu.

3. Qərarda əks olunan, Konvensiyanın konkret maddələri üzrə pozuntulara gəlincə, bunlar o qədər az həlledici rola malik olub ki, cavabdehin üzərinə yalnız 15 min avroluq məhkəmə xərclərinin ödənməsi barədə öhdəlikdən başqa bir nəticəyə səbəb olmayıb.

Bir məqamı da xüsusi qeyd edim, məhkəmə qərarında sadalanan pozuntuların faktiki hüquqi əsası yoxdur, ədalət mühakiməsinin siyasiləşmə göstəricisidir.”

Yenigündəm.az