Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidirbackend

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Qələbə zəfərini yazdı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələri hərbi yolla azad edildi, erməni ordusu darmadağın edildi. Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya – Azərbaycan – Ermənistan  birgə Bəyanatını imzalamağa  məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Eyni zamanda, Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, sentyabrın 27-dən başlayaraq dekabrın 1-nə qədər davam edən bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.  Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi.

Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko­mandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Vətən müharibəsindəki möhtəşəm Xalq Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu.

Xalq -ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlət başçımızın da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.

Fatimə Talıbzadə Astan. Azərbaycan Dövlət Pedaqoj Universiteti