“Milli Məclis işi” üzrə məhkəmə başladı – ilginc təfərrüatlarbackend

Ev dustaqlığına buraxılan şəxslərdən biri yenidən həbs edilib, birindən isə ümumiyyətlə xəbər yoxdur…
2020-ci ildə baş verən Tovuz hadisələri dövründə Bakıda keçirilən orduya dəstək yürüşündən sonra saxlanılan şəxslərin məhkəməsi davam etdirilir. Ev dustaqlığına buraxılan şəxslərdən biri həbs edilib, birindən isə ümumiyyətlə xəbər yoxdur.

Bakıda orduya dəstək məqsədilə keçirilən izdihamlı yürüşdən sonra Milli Məclisin binası qarşısında baş verən hadisələrə görə ümumilikdə 37 nəfər saxlanılmışdı. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. Vətən müharibəsi ərəfəsində həmin şəxslərdən 21 nəfəri ev dustaqlığına buraxıldı. Həbs edilənlər arasında AXCP üzvləri, Müsəlman Birliyi Hərəkatının üzvləri də var.

Təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə araşdırması Səbayel Rayon Məhkəməsində baş tutmalı idi. Lakin təqsirləndirilən şəxslərin sayının çox olması və Səbayel Rayon Məhkəməsində bu işə baxılması üçün şərait olmaması səbəbindən işə Bakı Apelyasiya Məhkəməsinin binasında baxılır. Prosesə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov sədrlik edir.

Sonuncu iclasda məhkəmə qərara gəlib ki, 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxsın. Qrupların hər birində 12 nəfər olacaq. Məhkəmə iclasında o da məlum olub ki, ev dustaqlığına buraxılan şəxslərdən biri olan Müşfiq Vahabov axtarışa verilib. Onun barəsində heç bir məlumat yoxdur. Ev dustaqlığına buraxılanlardan biri isə başqa bir cinayət əməlinə görə həbs edilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri həbsdə olan digər şəxslərin də ev dustaqlığına buraxılması və polis nəzarətində olan şəxslərin ayaqlarına vurulmuş qolbaqların ağrı verdiyinə görə dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Qeyd edək ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən 15 nəfəri AXCP üzvləridir. Naxçıvan daxili işlər nazirinin sabiq müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının, Müsəlman Birliyi Hərəkatının üzvləri də saxlanılanlar arasındadır.

Bu iş üzrə sonradan ev dustaqlığına buraxılan AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev və Seymur Əhmədovdur.

Aydın Mirzəzadə: “O uşaqdan popkorn almaq lazım idi…”

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə  açıqlamasında bu cinayət işi üzrə məhkəmə prosesindən gözləntisi və bu iş ətrafında yaranan söz-söhbətlərə münasibət bildirib. Aydın Mirzəzadə deyib ki, saxlanılan şəxslərə qarşı maksimum humanist addımın atılmasının tərəfdarıdır: “Bunu başa düşmək lazımdır ki, hakimiyyət orqanlarının binasını ələ keçirmək yolverilməzdir. Bu əməli törədənlər qanun tərəfindən ciddi şəkildə cəzalandırılır. Bununla belə, hakimiyyət onların ağır cəzalandırılmasını istəmədi. Onların bir qismi məhkəmə zalından ev dustaqlığına buraxıldı. İndi isə prosesin gedişini gözləmək lazımdır. Məhkəməyə təzyiq etmək olmaz. Məhkəmə müstəqil hakimiyyət orqanıdır və işini yaxşı bilir. Mən də onun tərəfdarıyam ki, birinci hərəkətlərinin hüquqi qiymətini alsınlar, ikincisi isə onlara qarşı maksimum humanistlik göstərilsin. Qanunun imkan verdiyi formada məsələ öz həllini tapsın”.

Aydın Mirzəzadə hələ ki, azadlığa buraxılmayan şəxslərlə bağlı məsələlərin sosial şəbəkələrdə müzakirəyə çıxarılmasına, narazılıq edilməsinə də münasibət bildirib: “Yaxşı olardı ki, üzvlərinin həbsinə narazılıq edən partiyalar eyni zamanda öz üzvlərinin həmin hərəkətinə də siyasi qiymət verərdilər. ”Onlar niyə buraxılmadı” sualını verirlər. Amma üzvlərinin hakimiyyət binasına hücumunu pisləyən bəyanatlarına rast gəlmədik. Siyasi partiyaların əsas vəzifələrindən biri də tərəfdarlarının siyasi maariflənməsini təşkil etməkdir. Əgər siyasi fəaliyyət hakimiyyət binasını tutmaqla nəticələnəcəksə, bu, artıq cəmiyyətin onlara qarşı ciddi suallarına səbəb ola bilər. Bir daha təkrar edirəm ki, həbsdə olan şəxslərə qarşı da humanistliyin göstərilməsinin tərəfdarıyam. Amma son sözü məhkəmə deyəcək”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu açıqlamasında bu iş üzrə həbs edilən şəxslərə qarşı humanist addımın atıldığını, yekunda digər şəxslərə qarşı da eyni münasibətin ola biləcəyini deyib: “Biz özümüz hökumətə müraciət etmişdik ki, bu insanlar orduya dəstək üçün yürüşə çıxıb. Hətta biz parlamentin binasında müxtəlif əşyaları sındıran şəxslərlə bağlı da müraciət etmişdik ki, onlar da cərimə edilərək buraxılsın. Saxlanılan şəxslər tərəfindən bizə müraciət olmayıb. Biz özümüz müraciət etmişik. O insanların nə üçün yürüşə çıxdığını bilirdik. Müraciətimizdə qeyd etdik ki, yürüşə çıxanlar müharibə istəyirdi və siz də sağ olun ki, müharibəyə başladınız və torpaqlarımız işğaldan azad edildi. Biz artıq qələbə qazanmışıq və həmin şəxslərin də azadlığa buraxılmasını istəyirik. Təəssüflər olsun ki, parlamentin binasına girən şəxslərdən bəziləri oranı dağıtdı, müxtəlif əşyaları sındırdı. Biz bu kadrlara baxdıq və təəssüfləndik. Amma yenə də onların cərimə edilərək azadlığa buraxılmasını istəyirik”.

Novella Cəfəroğlu qeyd edib ki, növbəti məhkəmə proseslərində monitorinq qrupunun üzvlərindən iştirak edənlər olacaq.Musavat.com