Milli Məclisin plenar iclasında  Saatlı rayonunun enerji problemlərindən danışıldıbackend

İyunun 22-də parlamentin növbədənkənar sessiyasının növbəti iclasında 14 məsələ müzakirə olundu.

“Yeni Gündəm” xəbər verir ki, həmin məsələlərdən biri də “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəsi idi.

Məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı Əziz Ələkbərli Qanun layihəsinin vacib sənəd olduğunu, mükəmməl hazırlandığını və onu dəstəkləyəcəyini bildirdi. Bu məsələnin uğurla həyata keçirilməsinin üç istiqamət üzrə həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırdı: birincisi, enerji istehslında səmərəliliyin artırılması, ikincisi, enerjinin istehlakçıya ötürülməsində səmərəliliyin artırılması, üçüncüsü, enerjinin istehlakında səmərəliliyin artırılması.

Ə.Ələkbərli bildirib ki, təəssüf ki, birinci məsələdə, yəni enerjinin istehsalında ölkəmizdə xeyli uğurlar qazanılsa da, ikinci və üçüncü məsələdə hələ xeyli qüsurlar var. O, deputatı olduğu Saatlı rayonundan misal gətirərək göstərib ki, rayonun bir çox kəndlərində əhalinin enerji təminatı yarıtmaz vəziyyətdədir, rayondakı bəzi yarımstansiyaların, transformatorların istismar müddəti çoxdan başa çatıb, elektrik xətlərinin kabelləşdirilməsi alayarımçıq həyata keçirilib, bir sıra kəndlərdə 50-60 il yaşı olan ağac elektrik dirəkləri çürüyüb, yıxalmaq üzrədir, bu dirəklərin başındakı bir-birinə dolaşmış elektrik məftilləri hər an təhlükə mənbəyidir. Belə olan surətdə enerji itkisinin qarşısını necə almaq, enerjidən istifadənin səmərəliliyini necə təmin etmək olar?

Ə.Ələkbərli Saatlı rayonunun enerji təminatındakı vəziyyətlə bağlı Azərenerjiyə və Azərişığa tutduğu iradını Azəriqaza da ünvanladı, Saatlı rayonunda hər beş kənddən birində qazlaşdırmanın aparılmadığını diqqətə çatdırdı. O, bildirdi ki, hələ də Saatlı rayonunun 11 kəndinə və bir sıra yaşayış massivlərinə qaz çəkilməyib. “Biz enerji resurslarından istifadənin səmərəliliyindən danışırıq, amma öncə vətəndaşın enerji resurslarından istifadə hüququ təmin olunmalıdır”, – deyə deputat bildirdi. O, bu məsələlərlə bağlı müvafiq qurumlardan aldığı standart cavablardan sitatlar gətirdi: “İnvesisiya planına daxil edilmişdir, mərhələli şəkildə həll olunacaqdır”, “Dövlət Proqramına uyğun mərhələli şəkildə həyata keçirilir” və s. Deputat belə cavabların sorğudan yayınmaqdan başqa bir şey olmadığını bildirdi.