MİLLİ PSİXOLOGİYAMIZIN TRAVMALARI ÜZƏRİNDƏ DÜŞÜNƏRKƏN…backend

I Yazı
Azərbaycanlı niyə mala-mülkə hərisdir?

Həmişə bir fikir vurğulanır ki, Azərbaycanlılar digər zövqlərdən yoxsundur, əksəriyyət etibari ilə ancaq mala-mülkə, var-dövlətə hərisdirlər. Bəlkə, kor-koranə ehkamçılığımıza ara verib, biraz düşünüb bu halın kökünü araşdıraq.
Diqqətlə araşdırsaq, bu davranışın son iki əsrin məhsulu olduğu qənaətinə gələ bilərik. Bəs görəsən soy-kök xüsusiyyətlərimizin təməlində dayanmayan, tarixi dərinliklərə enməyən, cavan yaşlı bu təzahürün qaynağı və səbəbi nədir? Sizcə bu hal liderlik, döyüşkənlik kimi özünəməxsus dinamikasını itirmiş ötkəm bir xalqın sonrakı dövr üçün böyük boşluqdan yaranan passiv-depressiv yaşamının reaksiyası ola bilərmi. Fikrimcə bəli. Düşünürəm ki, problemin kök və törəmə olmaqla bir-birindən qaynaqlanmış üç səbəbi var. Birinci kök səbəb birmənalı olaraq əsarətin özü, digərləri isə əsarətin tətbiqləri ilə rəvac tapan missiyasızlıq və məqsədsizlikdir. Belə ki, coğrafi tamlığımız, milli varlığımız, iqtisadi resurslarımız, sosial və mədəni özəlliyimiz, ruhani balansımız üzərində aparılan eksprimentlər, təkcə torpaqlarımızın, azad siyasi idarəçiliyimizin uzunmüddətli itirilməsi ilə nəticələnməyib, həm də genetik fondumuzun, mənəvi mirasımızın genosidi, ən əsası da bərpası sual altında qalan müstəqil yerli düşüncə sistemimizin dərin travmaları ilə iz qoyub və böhran yaradıb.
Bir sözlə, təkcə hərbi təcavüzün, hərbi işğalın deyil, həm də siyasi-ideoloji hücumların hədəfində təklənib parçalanmış xalqımızın öz ideoloji-siyasi bütövlüyünə yetişməməsi üçün zəmin yaradan bütün ehtimallar dəqiqliklə hesablanaraq zərərsizləşdirilib. Nəticə etibari ilə arxasında yaratdığı böyük tarixindən, möhtəşəm mədəniyyətindən, adil ruhaniyyatından, ən nəcib keyfiyyətlərlə süslənmiş əsilzadəliyindən, halallığı və mərdliyi örnək olmuş zəhmətkeş, gözütox sələflərinin düçüncə tərzindən məlum səbəblərdən yetərincə məlumatsız qalan və özünü tam əks təbliğat güzgüsündə qavrayan Azərbaycanlı missiyasızlıq və məqsədsizlik üzündən qidalandıra bilmədiyi mənəvi boşluğunu maddi göstəricilərlə doyuzdurmağa vərdiş edib. Və nəticədə hakim olduğu böyük coğrafiyanın maddi nemətlərinin sahibi və istehsalçısı olan bir xalq tarix şüurunu itirib, ümumi maraqlardan məhrum şəkildə maddiyyat acına və maddiyyat aludəçisinə çevrilərək digər böyük məqsədlərdən və vəzifələrdən aralı tutulub. Halbuki, bu xalq ictimai-milli maraqlarını, mənafeyini müdafiə edən yardımlaşma kimi yüksək ali davranışların təcəssüm etdiyi Əxilik adlı özünəməxsus iqtisadi-siyasi sistemini yaradanda Avropanın ilk sosialist-nasionalist inqilabını gerçəkləşdirən millətləri heç feodal ara müharibələri dövrünə belə qədəm qoymamışdılar.
İsrarla düşünürəm ki, yaradılmış və yayqınlaşdırılmış bu mənfi xüsusiyyətimizin yaşı ikiəsrlik əsarət tariximizdən o yana ötmür və bilavasitə, bizə hesablanmış –ideoloji platformanın siyasi-iqtisadi tələbləri ilə əlaqəli olub. Əks halda, dünya elminə, mədəniyyətinə, incəsənətinə, dövlətçilik irsinə, hərb sənətinə bu qədər faydalı simalar bəxş edib, bəşəri dəyərlərə özünəməxsus töhfələr vermiş, hətta bu dəyərlərin bir çoxunun yaradıcısı olmuş bu istedadlı və köklü xalqın fərdləri bu qədər kiçik niyyətin əsiri ola bilməzdi. O cümlədən, bu xalqın məişət tarixində ən zəngin, ən dövlətli fərdlərinin təşkilatçısı olduğu “yağma mədəniyyəti” adlı üstünlüyün formalaşması və bu gün də yaşada bildiyi, dünyanın heç bir millətində eynisinə rast gəlinməyən qonaqpərvərlik, əliaçıqlıq, süfrəsini bölüşmə kimi özəl keyfiyyətlərinin yaranması qeyri-mümkün olardı.
Tariximizdə 1 əsrə bərabər epizodik sovet dövrünün özünəməxsus ideoloji təlqinlərini və yasaqlarını nəzərə alsaq, bu təzahürün – yəni, mal-mülk hərisliyinin daha çox çar Rusiyası dönəmində və son 26 illik müstəqillik dövrümüzdə daha qabarıq olduğunu müşahidə edə bilərik. İdeoloji bütünlüklə yanaşı, tam şəffaf iqtisadi irəliləmə mühitinin olmadığı şəraitdə davam edən bu “yarış”da daha çox “qazanc” əldə edənlər halallıq və insaf anlayışlarını itirərək harınlaşır, yerdə qalan böyük çoxluq isə yetişə bilmədiyi adi yaşam standartlarının əzici əskikliyi altında etinasızlığa, ümidsizliyə və istəksizliyə düçar olur.
Çox ağrıdıcıdır ki, çar işğalı dönəmində, milli qayələri təbliğ edən Azərbaycan maarifçi ədəbiyyatının da tənqid obyektində olmuş bu hərisliyin daşıyıcılarının (el maraqlarını satıb sonradan imtiyaz sahibi olmuş yalançı bəylər, mülkədarlar, yadelli sistemdə xüsusi vəzifə öhdəliyi müqavilində sahibkara çevrilənlər) çağımızdakı neotipini öz neqativ təsirləri sayəsində kasıb zümrə ilə arasında dərin uçurum yaratmış məmurlar irerxiyası təmsil edir.
Ali duyğuları dara çəkən, qarşılıqlı yardımlaşma, paylaşma kimi tarixi mental cəhətlərimizi təkəbbür və həsəd bataqlığında basdıran bu “nemət” yarışında bizi birləşdirən ümumi hissiyyat və maraqlar nifrət virusunun yararsız hala saldığı söz yığınına çevrilir. Nəticədə itirən xalqın mənəvi balansı olur. Bu isə gələcəyə yönəlik sağlam milli ötürücülüyün korşalmasına, doğru-dürüst yaşam məqsədinin formalaşmamasına və sabaha olan marağın əhəmiyyətsizləşməsinə gətirir. Beləliklə, icma ruhunu közərdən milli passionarlığın varlığı da şübhə mövzusuna çevrilir ki, çox vaxt susqunluğun, reaksiyasızlığın, məğlubiyyətin və əlacsızlığın təməli də burdan qaynaqlanır.
Adı qoyulmamış, ancaq ictimai şüurumuzu, milli vəhdətimizi zədələyən bu patologiyanın aradan qaldırılması üçün mümkün optimal yollar da yox deyildir. İlk olaraq özümüzü sözün gerçək mənasında tanımaqdan, tanıyıb-tanıtdırmaqdan başlasaq, bugün hər hansı əskikliyimiz fonunda dəqiqə başı mental xüsusiyyətimiz, hətta bütöv mentalitetimiz kimi özətləndirilən bu qazanılmış-qazandırılmış kirli əsarət yamağından qurtula bilərik. Bu məqsədlə, uşaq bağçalarından tutmuş ən böyük akademik təşkilatımıza qədər ictimai-fərdi həyatın bütün sahələrini əhatə edən, kökə bağlılığı, yüksək milli-mənəvi xüsusiyyətlərin bərpasını şərtləndirən, özünüduyma və özünəgəlmə prosesini səciyyələndirən maarifləndirici ideoloji-strateji proqram hazırlayıb həyata keçirmək müqəddəs məqsədəuyğunluq olardı. Sözsüz ki, bununla yanaşı, iqtisadi keçim meyarlarını ödəyən, şəffaf yolla qazanc əldə etməyə şərait yaradan, insanları bir-birinə doğmalaşdıran maddi-rifah mühitini də formalaşdırmaq zəruri şərtdir.
Və məncə, bu, təxirəsalınmadan xüsusi dövlət siyasətinin predmeti olacaq məsələdir. Çünki tibbdən də məlumdur ki, patalogiyanın növbəti mərhələsi kütləvi eybəcərləşmə və yaxud faktiki yoxluqla nəticələnir. Hər iki halda arxaya dönüş, özünü bərpa mümkünsüz olur. Söhbət isə əzəli torpaqlarını, coğrafiyadakı hegemon mövqeyini, tarixi qüdrətini itirib parçalana-parçalana siyasi məqsədlərə yem edilib, cılız həvəslərə yoluxmuş köklü və qədim bir millətin varlığından, əlindəkilərdən də məhrum olmaq qorxusundan gedir.
Və gərək bir şeyi də unutmayaq ki, bizi ruhən maddiyyatçı və alverçi edən digər əsas səbəb isə Vətən adlı mülkümüzdə itirdiyimiz var-dövlətin kirayəşininə çevrilib, əlimizdən çıxan topraqlarımız kimi əlimizdən çıxan hüquqlarımızın da pulla satılıb alınması oldu. Bəli, tam iki əsrlik alver. İndi anladıqmı Azərbaycanlı niyə mala-mülkə hərisdir və bağçadan, hətta doğum evindən başlayaraq gor evinə qədər satın aldığı hüquqları ilə qazandıqlarından – əldə etdiklərindən niyə bərk-bərk yapışır və bu rəqabətdə dostum-qardaşım-qohumum, elim-obam, millətim deməyəcək qədər acımasızlaşır. Halbuki, dünyanın ən zəngin torpaqlarının tarixi sahibi, ən qədim istehsal mədəniyyətinin yaradıcısı olan bir xalq kimi halal mühitdə alnıaçıq, qürurlu və faydalı şəkildə zəngin olmaq ən sıravi Azərbaycanlının belə təbii haqqıdır.
XX əsrin əvvəlində və sonunda təlatümlü hadisələr fonunda oyanıb milli dirçəlişinə qovuşmağa cəhd edən Azərbaycanlıda indi həsrətini çəkdiyimiz fərqli bir ruh halı da müşahidə edilmişdi. Fəqət, bugün XXI əsrin əvvəlidir. Nəticə isə belədir, yaradılmış müxtəlif qlobal və yerli maneələr fonunda itirdiyi tarix şüurunu, mənəvi balansını bərpa etməyə müvəffəq olmayan parçalanmış millət oyalana-oyalana növbəti enerji tükətiminə, növbəti itkilərə yön alır.
Bəlkə, nə qədər ki, SOS halına düşməmişik, tərpəniş edib özümüzə qovuşmaq haqqımıza bir də cəhd edək. Axı biz dünyanın müxtəlif ölkələrinə səpələnib yaşayan və ərazisi qonşu dövlətlərin siyasi xəritələrində tikə-parça olan 70 milyona yaxın Azərbaycanlının yeganə hüquqi dövlətinin vətəndaşlarıyıq…
Və sonda. Ola bilsin ki, biraz qəliz, biraz da dolaşıq yazdım, əgər belədirsə vəziyyətimizin qəlizliyinə, dolaşıqlığına bağışlayın.
Araşdırmaçı yazar

Gülşən MƏMMƏDOĞLU