Mingəçevir sakinləri: “Daha dözə bilmirik, xəstəlik tapmışıq” – Videobackend

Mingəçevirdə kanalizasiya xətlərinin standartlara uyğun olmaması əhali arasında narazılığa səbəb olub. Sakinlər deyirlər ki, kanalizasiya sularının zirzəmilərə axması onların problemini biraz da ağırlaşdırır.
Şəhərin H.Əliyev 68/18,70 ünvanında yaşayan sakinlər Yeniavaz.com-a müraciətləri zamanı bildiriblər ki, yaşadıqları ünvanda 10-a yaxın 5 mərtəbəli bina bu vəziyyətdədir:
“Binaların zirzəmiləri çirkab sularla doludur. Ağcaqanad, tarakan, siçovul – hər nə desən zirzəmidə yaşayır. 7 ildir bu binalarda yaşayırıq. Şəhərdə kanalizasiya xətləri 50-60 ilin köhnə borularıdır. Bu günə qədər bir təhər dözmüşük. Daha dözə bilmirik. İydən, qoxudan xəstəliyə düşmüşük.
Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi bərbad halda həyata keçirilir. Təxminən 10 ilə yaxın müddət ərzində “Azərsu” və podratçı təşkilatlar nəinki işi başa çatdırmayıblar, heç çirkab suları təmizləməli olan qurğunu inşa etməyiblər.
Doğrudur, “Azərsu” ASC-nin yerli nümayəndəsi vəd verir ki, sözügedən ərazidəki binaların kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanacaq və işi qısa müddətdə başa çatdıracaqlar. Hətta icra  başçısı da camaata bir qədər səbrli olmağı tövsiyə edir. Amma bu fikirlər o qədər də inandırıcı görünmür. Uzun illər ərzində işinin öhdəsindən gəlməyən bir qurumun az zamanda problemi həll edəcəyi inandırıcı görünmür. Tez-tez suyun qiymətini qaldırmağı bacarırlar, amma normal xidmət göstərməyi yox”.
Sakinlər bildirirlər ki, binada ən böyük təhlükə isə elektirik xətlərinin topa şəkilində zirzəmidə, suyun içində olmasıdır.
Məsələ ilə bağlı Mingəçevir Su-kanal idarəsindən bildirildi ki, şəhərdə içməli su sistemi dəyişdirilib, ona paralel olaraq kanalizasiya sistemi də dəyişdirilir:
“Artıq bir neçə ildir ki, bu işlərə başlanılıb. İş mərhələli şəkildə davam edir. Kanalizasiya çəkilişi o qədər də asan başa gələn iş deyil. Hazırda bu işləri iki podaratçı şirkət həyata keçirir. N.Nərimanov və A.Məmmədov küçəsi istiqamətlərində ana xətlər dəyişdirilir”.