Misir Mərdanov: “Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil, belə iş görmək olmaz”backend

Təhsil Nazirliyi yanında İctimai Şuranın səlahiyyət müddətinin 2021-ci ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, quruma yenidən seçkilər keçiriləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb. Gəzən söz-söhbətlərə görə, sabiq təhsil naziri Misir Mərdanov da Təhsil Nazirliyi yanında İctimai Şuraya  yeni seçkilərdə iştirak edəcək. Modern.az-ın əməkdaşı bununla bağlı sabiq nazirlə əlaqə saxlayıb. Misir Mərdanov bildirib ki, o, hazırda İctimai Şurada təmsil olunan şəxslərlə bir sırada görünmək istəmir: “Mən hazırda həmin İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim. İctimai Şuranın sədri deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı? Mən olan yerdə belə adamlar ola bilməz. Məndən soruşsalar, deyərəm ki, ora kim layiqdir, kim yox. Həm də mənim o qədər işim var ki, özümü həmin quruma üzv etmək istəmirəm”.

Sabiq nazirin sözlərinə görə, İctimai Şuradakı şəxslərlə təhsili inkişaf etdirmək olmaz.

“Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil. Belə iş görmək olmaz”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə Misir Mərdanova cavab olaraq deyib ki, bu dəfə qurumun üzvlüyündə olmaq istəmir:

“Misir Mərdanovun fikirlərinə hörmətlə yanaşıram. Mən heç özüm də bu il şurada təmsil olunmaq istəmirəm və bunu cənab nazirə bildirmişəm. İşlərimin çoxluğu səbəbi ilə bu il sədrlikdə təmsil olunmaq istəmirəm.

Mən Allahın varlığını riyazi yolla isbat etmişəm. İsbatım Rusiyanın “Fəlsəfə” jurnalında dərc olunub. Onlarla alim bu isbatıma rəy verib və bu ideyamın mükafatlandırılmasını tələb edirlər”.

Xatırladaq ki, şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.