Ümid Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini irəli sürdüyü Nuran Tağıyev Mərkəzi Seçki Komissiyasının (MSK) qanunsuzluqda ittiham edir.
Nuran Tağıyev “Reportyor.info” -ya açıqlamasında bildirib ki, namizədliyinin qeydə alınmaması qanunsuzluqdur və hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Mixail Zabelin üçün “yaşıl işıq” yandırmaqdır:
“İmza mərhələsini başa vurub imza vərəqələrini DSK-ya təqdim etdim. İmza vərəqələrini təqdim etdiyim gündən DSK-da bəzi qüvvələr narahat idi. Bütün güclərini qoymuşdular ki, geri çəkilim. Alındıra bilmədilər. Nəhayət imza vərəqələrini təqdim etdiyimin 7-ci günü iclas keçirib məni dəvət etdilər. İclasda namizədliyimin qeydə alınmadığını bildirdilər. Guya, imzalarda problem varmış. Halbuki, YAP-ın namizədi olan Mixail Zabelini və ya digər namizədləri ərazidə görən olmayıb. İmzalarını məktəblər və “JEK” yazıb verib. Onların imzalarının 500-də saxtadır. Necə olur ki, onu yoxlamadan birinci qeydə alırlar? Amma, mən yayın cırhacırında, qaranlıqda telefon işığında qapı-qapı gəzib imzaları bir-bir yığsam da 500 imzanın hamısını bir-bir yoxlayıblar. Sonra da ağızlarına gələni yazıb qeydə almadılar”.
Nuran Tağıyev həmçinin bildirib ki, DSK-dan ona yanlış imza vərəqi veriblər. “İmza vərəqələrini DSK -dan götürən zaman mənə 1A əlavə olan imza vərəqələrinin əvəzinə 1 saylı əlavə olan imza vərəqələrini vermişdilər. Bu o deməkdir ki, mənə bitərəf namizədin imza vərəqələrini veriblər. DSK bu səhvini ört-basdır edə bilmədi. Yalandan mənə imzalarımın saxta olduğunu bildirdi.
Halbuki, DSK katibi özü etiraf edirdi ki, məni imza yığarkən dəfələrlə öz gözləri ilə görüb.
Dünən (07.08.2024) DSK-nın qərəzli qərarı barədə MSK-ya şikayət verdim. MSK bir gün sonra şikayətə baxaraq öz tabeliyində olan DSK -nın kürəyini yerə vurmadı və qərarı qüvvədə saxladı”.
Nuran Tağıyev hesab edir ki, 34 saylı Xətai ikinci Seçki Dairəsinə bütün namizədlərin mza vərəqələri yoxlanılmalıdır:
“MSK-dan xahiş və tələb edirəm ki, YAP-ın namizədi Mixail Zabelin başda olmaqla 34 saylı Xətai ikinci Seçki Dairəsindən olan deputatlığa bütün namizədlərin imza vərəqəsində olan imzaları yenidən yoxlanılsın”.