İran hakimiyyəti uşaqlara türk adları qoymağı qadağan edir.
“Yeni Gundem” xəbər verir ki, İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilatı Güney Azərbaycanda doğulan uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edib, çünki onun adı “İlkin” türk mənşəlidir.
Uşağın atası Babək Hüseyni Müqəddim sosial şəbəkədəki səhifəsində bu məsələ ilə bağlı açıqlama verib. “Uşağıma şəxsiyyət vəsiqəsi almaq üçün İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilatına getdim. “İlkin” adının türk olduğunu, icazə verilən adlar siyahısında olmadığını deyərək ondan imtina ediblər. Bu mənim haqqımdır, övladıma bu adda sənəd gələnə qədər mübarizə aparacam”, – deyə Babək Hüseyni Müqəddim yazıb.
Uzun müddətdir ki, İran hakimiyyəti türk adlarını qadağan etmək siyasəti yürüdür. Güney Azərbaycan sakinləri türk adlarına görə övladlarına şəxsiyyət vəsiqəsi ala bilmədiklərini iddia edirlər. İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilatın hərəkətləri Güney Azərbaycanda ciddi etirazlara səbəb olub. Bir çox azərbaycanlı ailələr onlara edilən təzyiqlərlə bağlı sosial şəbəkələrdə məlumat dərc etmək qərarına gəliblər.
Fərahim Rəhimov