Monitorinq Mərkəzinin fəaliyyəti müzakirə edildi – Fotolarbackend

Bu gün Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin ilə görüşüb.

Bununla bağlı “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, xüsusilə də hərbi və hərbi-texniki əməkdaşlığın dinamik inkişafını müəyyənləşdirir.

Daha ətraflı

General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edilib.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.

General-polkovnik A.Fomin Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyətə başlaması üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Rusiya Müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısına qoyulan vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini, hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Eyni gündə general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşüb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.
Öz növbəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Y.E.Karaosmanoğlu Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkiyə Milli Müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

image-558 image-558 image-m22e