MTRŞ sədri: “Doğrusunu desəm, cərimələrdənsə, yayımın dayandırılması daha effektiv olub”backend

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun müsahibəsi

 

– İsmət müəllim, “Media haqqında” qanun layihəsi artıq Milli Məclisin komitələrində müzakirədə və ictimai dinləmələr mərhələsindədir. Təbii ki, cəmiyyətin, xüsusən də media sferasında işləyənlərin bu qanun layihəsinə marağı çox böyükdür. Layihənin ən çox sual doğuran hissələrindən biri “platforma yayımçısı” və “platforma operatoru” anlayışlarıdır. İnternet televiziya niyə bu anlayışlarla təqdim edilib?

 

– Suala görə təşəkkür edirəm. İlk olaraq, media nümayəndələrinə bu layihəyə göstərdikləri marağa, apardıqları müzakirələrə görə təşəkkür etmək istərdim. “Media haqqında” qanun layihəsi hazırlanarkən bir çox ölkələrin qanunvericiliyi Azərbaycan dilinə tərcümə olunmuş, araşdırılmış və geniş təhlil olunmuşdur. Bundan əlavə bir çox yayımçılarla, kabel operatorları, iri internet televiziya kanallarının rəhbərləri ilə görüşlər və məsləhətləşmələr aparılmışdır. Qeyd etdiyiniz anlayışlara gəlincə isə bildirmək istərdim ki, onların heç biri internet televiziya anlayışı ilə eyni deyildir. Bu anlayışları tam anlamda açıqlamaq üçün bir qədər qanunda olan bir sıra yenilikləri nəzərə çatdırmaq istərdim.

 

Bildiyiniz kimi, mövcud “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ildə qəbul olunmuş və bu illər ərzində qanuna bir çox əlavə və dəyişikliklər edilmişdir. Təbii olaraq 2002-ci ildə qəbul olunmuş qanun ilə son illərdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı nəticəsində yaranan bir çox yeni audiovizual yayım növlərinin tənzimlənməsi qeyri-mümkündür. Hazırda elə yayım üsulları, elə audiovizual xidmətlər mövcuddur ki, mövcud qanun işlənəndə onların heç biri yox idi. Bütün bu araşdırmalar nəticəsində yeni qanun layihəsinə bir sıra yeni anlayışlar və müddəalar salınmışdır. Yeni qanun layihəsində audiovizual media sahəsində olan ən böyük yenilik yayımçı fəaliyyəti ilə operatorluq fəaliyyətinin ayrılmasıdır. Mövcud istifadə etdiyimiz qanunda belə bir şey yoxdur. Yeni layihəyə görə yayımçı proqramları təqdim edən və onun üzərində redaksiya cavabdehliyi daşıyan subyektdir. Operator isə yayımı texniki cəhətdən həyata keçirən və redaksiya cavabdehliyi daşımayaraq yayımçının təqdim etdiyi kontenti (məzmunu) retranslyasiya edən subyektdir. Qeyd olunmalıdır ki, audiovizual kontent bir sıra üsullarla yayımlana bilir – radiotezlikdən istifadə edən yerüstü ötürücü sistemlə, peyk üsulu ilə, kabel üsulu ilə, İPTV üsulu ilə, OTT platforma vasitəsilə, mobil platformalarla, birbaşa internet üzərindən və s. Qanun layihəsində bu cəhətdən operatorlar 2 yerə ayrılır – multipleks və platforma operatoru. Multipleks operatoru yerüstü radiotezliklər vasitəsilə yayımı həyata keçirir. Platforma operatoru isə yerüstü yayım istisna olmaqla digər üsullarla. Yəni ki, qanun layihəsində göstərilən “platforma operatoru” yayımçı olmayıb, yalnız müxtəlif platformalar (kabel, OTT, İPTV, mobil, birbaşa internet üzərindən) vasitəsilə yayımı texniki cəhətdən həyata keçirən subyektdir. Hazırkı mövcud subyektlərdən bütün kabel yayımçıları (KATV, Ailə TV, Konnekt TV, BBTV və s.) bu fəaliyyətlə məşğuldurlar.

Buna uyğun olaraq da “platforma yayımçısı” özünün audiovizual kontentini platforma operatoru vasitəsilə yayımlayan yayımçıdır. Bu kateqoriyaya hazırda kabel operatorlarının paketlərində yayımlanan onların özlərinin kanallarını (ATV Cinema, KATV Karaoke, CityNet Premier və s) misal göstərmək olar. Bundan əlavə hazırda fəaliyyət göstərən internet televiziyaları da öz istəkləri ilə Şuraya müraciət edərək platforma yayımçısı kimi fəaliyyət göstərə biləcəklər. Çünki bir sıra internet üzərindən yayımlanan kanallar var ki, onlar Şuraya müraciət edərək kabel və İPTV paketlərində təmsil olunmaqlarını istəmişlər. Lakin mövcud qanuna görə həmin operatorlar yalnız lisenziya almış kanalları öz paketlərinə daxil edə bilirlər. “Platforma yayımçı” lisenziyasına sahib olmaqla həmin internet televiziyalar bu imkandan istifadə edə biləcəklər. Təbii ki, o lisenziyanı almaq üçün bir sıra tələblər (öz saytından yayım aparmaq, proqram cədvəlinə malik olmaq, gün ərzində 6 saat yayım aparmaq və s.) müəyyən olunmuşdur. Amma yenə də qeyd edirəm ki, bu tam olaraq istək əsasında olacaq bir prosesdir. Platforma yayımçısı olmaq istəməyən həmin internet televiziyaların fəaliyyətinin məhdudlaşdıracaq heç bir müddəa qanun layihəsində nəzərə alınmamışdır.

– Layihədə “Sifarişli yayım xidməti provayderi”nin lisenziya alması tələbi nəzərdə tutulub. Bu nə üçündür?

– Artıq qeyd etdiyim kimi yeni texnologiyaların inkişafı nəticəsində son illər bir sıra yeni media növləri yaranmışdır. Bunlardan biri də dünyada “video on demand” kimi tanınan sifarişli yayım xidmətidir. Belə xidmətlərə misal olaraq dünyada məşhur olan “Netflix”, “Amazon Prime”, “İvi”, “Megogo”, “Vimeo” və s. göstərmək olar. Yerli bazarda isə lisenziya alaraq fəaliyyət göstərən kabel yayımçılarının “Ailə Cinema”, “KATV box” və s. xidmətlərini göstərmək olar ki, kabel yayımçıları özlərinin OTT platforması üzərindən onları istifadəçilərə təqdim edirlər. Bu xidmətin özəlliyi ondadır ki, xidmət provayderi sizə öz məhsullarının (film, serial, tamaşa, cizgi film, proqram, tok-şou və s.) kataloqunu təqdim edir və müəyyən ödəniş (aylıq və ya birdəfəlik) qarşılığında siz həmin audiovizual məhsula istədiyiniz vaxt baxa bilirsiniz. Bu xidmətin yayım üsulu və texniki vasitəsi yeni olsa da, həmin xidmətin lisenziyalaşdırılması indi də mövcuddur. Sadəcə yeni layihədə bu ayrıca subyekt olaraq fərqləndirilib.

– “Netflix”, “Megogo”, “Oll.tv”, “Vimeo” və s. bu kimi video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq? Onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək tələb olunacaqmı?

– Qanun layihəsində yer alan sifarişli yayım həm də bu xidmət platformalarını nəzərə alır. Hazırda Azərbaycanda bu xidmətlərin əksəriyyəti fəaliyyət göstərir. Ancaq bu platformaların fəaliyyəti yerli qanunlarla tənzimlənmir. Dünyada artıq bu platformaların tənzimləməsinə başlanılmışdır və bu uzun bir prosesdir. “Media haqqında” qanun layihəsi ilə biz də buna başlamış oluruq. Bu xidmət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaqlar ki, bunun üçün də ölkəmizdə nümayəndəliklərini açaraq qeydiyyatdan keçməlidirlər.

– Bu qanun layihəsi qəbul edildikdən sonra bu cür xidmət platformaları bloklana bilərmi?

– Məqsədimiz bloklamaq deyildir. Həmin xidmətlər yerli bazarda iştirak edir və Azərbaycan istifadəçilərindən vəsait qazanır. Ən azından onların Azərbaycanda nümayəndəliyi olmalı və vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər. Bu səbəbdən də qanun layihəsinə bu müddəaların daxil edilməsi həmin xidmətlərin ölkəmizdə bloklanması məqsədi daşımır, daha çox bu sahədə legitim bazanın yaradılmasını və həmin platformaların Azərbaycan bazarına cəlb olunmasını hədəfləyir. Bu bir stimullaşdırıcı addımdır. Biz istəyirik ki, bu xidmət platformaları Azərbaycanda leqal fəaliyyət göstərsinlər.

– Hazırda qüvvədə olan “Televiziya və radio yayımı haqqında” qanunda ümumölkə yayımçısı proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı (“Ölkənin bütün ərazisi” dedikdə, televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir) deməkdir. “Media haqqında” qanun layihəsində isə ümumölkə yayımçısına dair şərtlər dəyişir, həm də ilk dəfə regional yayımçıya dair tələblər müəyyənləşir. Bu tələblərin dəyişməsi hansı zərurətdən yaranıb?

– Mövcud qanunda olan 98% əhatəliliyin bütün televiziya və radio kanalları tərəfindən təmin olunması real deyildir. Həm ərazi, həm də əhali cəhətdən bu əhatəyə nail olunması qeyri-mümkündür. Elə bölgələr var ki, orada insanlar kompakt yaşayırlar. Məsələn, Bakı şəhəri. Elə yerlər də var ki, oranın çətin relyefi və coğrafiyası səbəbindən əhali çox seyrək yaşayır. Təbii ki, hər bir kənddə bir ötürücü qoymaq mümkün deyildir. Bu səbəbdən yeni layihədə ümumölkə yerüstü yayımçıları üçün əhalinin 70%-nin əhatə olunması tələbi qoyulmuşdur. Yeni tələblər reallığa daha yaxın göstəricidir. Qüvvədə olan qanuna əsasən qoyulan 98% tələblə bağlı ekspertiza aparılsa, məlum olacaq ki, bir sıra televiziya və xüsusən də radio kanalları bu tələbə cavab verə bilmir. Onda bu televiziya yayımçısının lisenziyasına xitam verilməlidir. Ona görə də biz reallığa uyğun şəkildə 70% və ondan yuxarı tələbini qoymuşuq. Həmçinin də qanun layihəsinə yeni olaraq regional yayımçı üçün tələb qoyulmuşdur ki, bu da azı 2 inzibati ərazi vahidinin əhalisinin 70%-i və ondan yuxarısıdır.

– Qanun layihəsi qəbul olunacağı təqdirdə ölkədə fəaliyyət göstərən televiziyaların fəaliyyətində hansı dəyişikliklər olacaq?

– Bu qanun layihəsi qəbul olunandan sonra televiziyalarda dərhal hansısa dəyişikliyi gözləmək sadəlövhlük olar. Bu uzunmüddətli bir strategiyadır. Bu yol uzun yoldur. Qanunla hər şey həll olunsaydı, nə yaxşı olardı. Qanunun qəbul olunması bu proses üçün hüquqi bazadır. Yeni qanun layihəsi qəbul olunsa, televiziyaları mövcud qanunvericilikdə olan çatışmazlıqlardan irəli gələn bir sıra problemlərdən xilas edəcək. Qanunun qəbulundan sonra televiziyanın spektri genişlənə bilər. Artıq bazara yeni yayımçılar (platforma yayımçıları və s) gələcək.

Digər tərəfdən, biz çox istərdik ki, Azərbaycanda “Discovery”, “National Geographic” tipli kanallar olsun. İxtisaslaşmış belə tanınmış kanalların Azərbaycan dilində versiyasının olmasına da qanun layihəsinin qəbulu imkan yaradacaq. Belə kanallar Rusiyada rus dilində, Türkiyədə türk dilində yayım həyata keçirirlər. Niyə Azərbaycan dilində belə ixtisaslaşmış məşhur kanallar olmasın. Qanun layihəsində bunun üçün stimullaşdırıcı müddəalar salınmışdır. Bu cür kanalın 24 saatlıq efirinin Azərbaycan dilində tərcümə və ya dublyajla yayımı çətin və çox maliyyə yükü olan məsələdir ki, bu da həmin yayımçının bazara gəlməsini əngəlləyə bilər. Ona görə, layihədə qeyd olunmuşdur ki, “prime time” vaxtlarında həmin kanalın proqramları Azərbaycan dilində yayımlanacaqsa, digər saatlarda başqa dillərdə (ingilis, türk, rus və s) yayımlanmasına və həmin kanalda reklam yerləşdirilməsinə (yerli media reklam bazarında iştiraka) icazə veriləcək. Amma belə kanallar yalnız platforma yayımçısı lisenziyası alaraq ödənişli (kabel, İPTV, OTT, peyk) platforma yayımında mövcud ola biləcəklər.

Qeyd etdiniz ki, qanun layihəsi qəbul olunacağı təqdirdə televiziyalar bir çox problemlərdən xilas ola biləcək. Yerli TV kanalların tənqid olunması azalacaqmı?

– Televiziya mövcud olduqca tənqid də hər zaman olacaq. Tənqidlərin bir hissəsi əsaslı, bir hissəsi əsassızdır. Qanunun məqsədi televiziyaları tənqiddən qorumaq deyildir. Nə Şura, nə də hər hansı dövlət qurumu televiziya kontentinə müdaxilə etməyəcək. Bu mövcud qanunda da olmayıb, indiki layihədə də yoxdur.

Yayımçıların redaksiya və peşə müstəqilliyi çox vacibdir, qanun layihəsində də bu tələb qorunur. Medianın, o cümlədən, televiziyaların müstəqilliyi və azadlığı təməl qanunumuz olan Konstitusiyamızın 50-ci maddəsi ilə qorunur və təbii ki, bu layihədə də bununla bağlı müddəalar mövcuddur. Televiziyaların inkişafı daha çox televiziyaların özündən asılıdır. Normal reklam bazarı, rəqabət mühiti formalaşdıqca televiziyada olan kontentin də səviyyəsi qalxacaq və nəticə etibarilə tənqidlərin sayı azalacaq.

– Hazırda fəaliyyət göstərən ancaq tələblərə cavab verməyən televiziyaların fəaliyyətinin dayandırılması mümkündürmü?

– Qanun layihəsi hazırlanarkən hər hansı bir televiziya kanalına və ya ümumən media qurumuna qarşı ola biləcək bir istiqamətdə yazılmamışdır. Hazırda mövcud olan kanallar olduğu kimi fəaliyyət göstərəcək, onların yeni növ lisenziyalarla ödənişsiz təmin olunması üçün qanun layihəsində keçid müddəaları verilmişdir ki, həmin müddəalara əsasən mövcud yayımçılar qanun qəbul olunandan sonrakı 6 ay ərzində Şuraya müraciət edərək fəaliyyət istiqamətinə uyğun olaraq yeni lisenziyalarla ödənişsiz əsasda təmin olunacaqlar.

– Yerüstü yayımçı proqramlarında yalnız Audiovizual Şuranın razılığı ilə digər dillərdən istifadə edə biləcək. Bu tələbi təmin etmək üçün hansı işlər görüləcək?

– Bu tələb mövcud qanunda var və demək olar bu tələbə tam olaraq əməl olunur. Yeni layihədə də yerüstü kanalların dövlət dilində fəaliyyət göstərməsi tələbi var. Ancaq Azərbaycanda müxtəlif dillərdə kanalların olması labüddür. Qanun layihəsinə görə belə kanallar ümumi açıq yayımda deyil, ödənişli multipleks və ya platforma paketlərində olmalıdır.

Yerüstü yayımçının öz proqramlarında digər dillərdən istifadə etməsi isə Audiovizual Şuranın razılığı ilə olmalıdır. Şura da buna müxtəlif əhəmiyyətli tədbirlərin keçirilməsi, bir sıra beynəlxalq layihələrin yayımı, informasiya proqramlarının yayımlanması və s məqsədləri əsas götürərək razılıq verə bilər.

– Audiovizual media subyektlərindən biri də peyk yayımı həyata keçirməyən platforma yayımçısıdır. Onların fəaliyyəti necə tənzimlənəcək?

– Yeni layihəyə əsasən peyk yayım üsulu platforma yayım üsullarından biri hesab olunur. Lakin qeyd olunmalıdır ki, kabel, İPTV, OTT, internetdən fərqli olaraq peykdə olan yayım tutumu artıq məhdud resurs hesab olunur. Bu səbəbdən də “peyk yayımı həyata keçirən platforma yayımçısı” ayrıca media subyekti kimi tanınır və bu fəaliyyət üçün müsabiqə əsasında lisenziya verilir. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin 80%-dən çox hissəsi televiziya proqramlarının qəbulunda peyk antennalarından istifadə edir, “peyk yayımı həyata keçirən platforma yayımçısı”nda demək olar ki, ümumölkə yayımçısı statusu olacaqdır.

– Audiovizual Şuranın tənzimləyəcəyi sahələr genişlənir. Tənzimlənəcək yeni sahələr hansılar olacaq?

Qeyd etdiyim kimi, kabel operatorlarının fəaliyyəti Şura tərəfindən hazırda tənzimlənir. Amma yeni layihə ilə bu tənzimləmə bir qədər genişlənəcək. Çünki kabellə təqdim olunan xidmətlərin növləri artmışdır. Bayaq qeyd etdiyim “sifarişli yayım xidməti provayderi”nin, “platforma yayımçısı”nın fəaliyyətinin tənzimlənməsi artıq yeni olacaq.

– Qanun layihəsində audiovizual yayımçı üçün ümumxalq hüzn, anım və matəm günlərində yayımın hansı qaydada həyata keçiriləcəyi ilə bağlı tələblər müəyyənləşir. Bu günə qədər bu məsələdə televiziyalar tənqidə məruz qalırdı. Məsələn, Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayanda da televiziyaların fəaliyyəti sosial şəbəkələrdə geniş tənqid olundu. Yeni qanunun qəbul edilməsi ilə bu məsələdə artıq tənzimləmə olacaqmı?

– İlk olaraq bildirməliyəm ki, helikopter hadisəsi olanda sosial şəbəkələrdə, saytlarda belə bir görüntü yaradıldı ki, guya televiziyalar həmin gün çal-çağırla məşğul olub. Biz Şura olaraq bunu təhlil etdik. Məlum oldu ki, sosial şəbəkələrdə adı hallanan kanalın səhər proqramından video parça kəsilərək paylaşılıb. Hadisə elan olunandan sonra həmin kanal proqram cədvəlində və proqramlarında dəyişiklik etmişdi. Sosial şəbəkələrdə isə hadisədən əvvəl efirə gedən proqramdan hissələri kəsib paylaşdılar və iddia etdilər ki, bu verilişlər helikopter qəzası elan olunandan sonra verilib. Tarix həmin tarix olsa da, Şuranın araşdırmaları nəticəsində məlum oldu ki, bu veriliş qəzadan əvvəl yayımlanıb. Digər bir kanalla da bağlı iddialar var idi. Həmin kanalda da verilişin yeri dəyişməsə də, verilişin formatı dəyişdi. Televiziyaların hamısı bu hadisəyə reaksiya verib efirlərini ona uyğunlaşdırmışdılar. Ancaq sosial şəbəkələrdə belə rəy formalaşdırmışdılar ki, televiziyalar həmin gün çal-çağırla məşğul olub. Süni ajiotajlar əvvəllər də olub. Bunlarla mübarizə aparmağın yolları var. Kanallar həmin resursları, yaxud da bloggerləri məhkəməyə verə bilər.

Yeni qanun layihəsində olan tənzimlənməyə gəlincə isə bildirməliyəm ki, ümumxalq hüzn, anım və matəm günlərində yayımın qaydaları dəqiq müəyyən olunmuşdur. Həmin günlərdə reklamın verilməsi qadağan edilir. Bir sıra proqramlar (yumor, komediya, erotik məzmunlu filmlər və s.) yayımlanmamalıdır. Bu tələblərə bir çox kanallar bu gün də əməl edir. Kanallar onsuz da belə günlərdə öz verilişlərini dəyişdirirlər. Bu mövzu ilə bağlı qanunda artıq suallara yer qalmayacaq.

Bir məqamı qeyd etmək istərdim ki, yeni layihədə belə günlərlə bağlı tələblər yalnız ümumxalq hüzn, anım və matəm günlərinə aiddir. Hər hansı bir qəza, və ya tələfatlara yol açmış böyük ictimai hadisələr baş verdikdə bu məsələ yalnız kanalların öz seçimi və proqram siyasəti ilə tənzimlənir.

Doğrusu belə hallarda kanallar dərhal reaksiya verir, proqram cədvəllərini dəyişməyə çalışırlar, lakin hətta bu olmazsa belə bu hallar qanun pozuntusu hesab oluna bilməz. Bu artıq dəyərlər məsələsidir.

– Audioviziual Şura tərəfindən yayımın dayandırılması halları müəyyənləşir. Bu audiovizual yayımçıların fəaliyyətinə necə təsir edəcək? Yayımın dayandırılması əvəzinə cərimə tətbiqi niyə seçilməyib?

– Sualınız çox aktualdır. Mövcud “Televiziya və radio yayımı haqqında” qanuna əsasən həmin qanunun hər hansı müddəasının pozulmasına görə Şura yayımı 1 ayadək dayandıra bilər. Bununla yanaşı elə müddəalar var ki, onların pozulması həm də İnzibati Xətalar Məcəlləsinə görə inzibati məsuliyyət yaradır və Şura bu halda cərimə protokolu tərtib edərək müvafiq məhkəməyə göndərə bilir. Bu vəziyyət isə Şuraya müəyyən qədər böyük səlahiyyətlər və seçim verir ki, sanksiya formasını seçsin.

əvəzinə cərimə tətbiqi niyə seçilməyib?

– Sualınız çox aktualdır. Mövcud “Televiziya və radio yayımı haqqında” qanuna əsasən həmin qanunun hər hansı müddəasının pozulmasına görə Şura yayımı 1 ayadək dayandıra bilər. Bununla yanaşı elə müddəalar var ki, onların pozulması həm də İnzibati Xətalar Məcəlləsinə görə inzibati məsuliyyət yaradır və Şura bu halda cərimə protokolu tərtib edərək müvafiq məhkəməyə göndərə bilir. Bu vəziyyət isə Şuraya müəyyən qədər böyük səlahiyyətlər və seçim verir ki, sanksiya formasını seçsin.

2020-ci və 2021-ci illərdə Şura bu səlahiyyətdən istifadə edərək bir sıra pozuntulara görə yayımçılara qarşı cərimə etmək yox, yayımın müəyyən saatlar üzrə dayandırılması sanksiyasını seçmişdir. Doğrusunu desəm, cərimələrdənsə yayımın dayandırılması yayımçılara qarşı daha effektiv bir tədbir olmuşdur. Heç bir kanal istəməz ki, gün ərzində bir neçə saat olsa da efiri qapalı olsun.

Lakin yeni layihəyə əsasən, yayımın dayandırılmasına gətirib çıxara bilən hallar artıq konkret göstərilmişdir. Yayımın dayandırılması özü də 2 cür nəzərdə tutulmuşdur: 24 saatadək və 1 gündən – 1 ayadək. Elə xırda pozuntular var ki, onlara görə yayımın 1 ayadək dayandırılması səlahiyyətini Şuraya vermək düzgün olmaz və bu Şura tərəfindən sui-istifadə hallarına gətirib çıxara bilər.

Bir sıra pozuntulara görə isə yenə də İXM-nə əsasən cərimə protokolu tərtib edilərək məhkəməyə göndərilməsi sanksiyası olacaqdır. Artıq bundan sonra hansı qanun pozuntusuna görə yayımçını nə gözləyəcəyini yayımçı özü dəqiq biləcək, daha indiki kimi bu seçim Şuranın ixtiyarında olmayacaqdır. Bu mənada Şuranın səlahiyyətlərinin məhdudlaşdırılmasından söhbət gedir.

– Yeni qanunda reklamla bağlı hansısa müddəa yer almayıb. Media sahəsində reklam münasibətləri necə tənzimlənəcək?

– Hazırda televiziya və radio yayımında reklam və sponsorluğu tənzimləyən müddəaların bir qismi “Televiziya və radio yayımı haqqında” qanunda, bir qismi “Reklam haqqında” qanunda və bir qismi də “Kütləvi informasiya vasitələri haqqında” qanunda mövcuddur. Qeyd olunmalıdır ki, bu üç qanunda olan tələblər bəzən bir-birinə ziddiyyət təşkil edir, bəzən də bir-birini təkrarlayır. Belə bir hüquqi ziddiyyəti aradan qaldırmaq məqsədilə reklamla bağlı məsələlərin “Reklam haqqında” qanunla tənzimlənməsini biz təklif etmişik. Mövcud “Reklam haqqında” qanuna əlavə və dəyişikliklərin olunması haqqında təkliflərimizi hazırlayıb layihə şəklində təqdim edəcəyik. Qeyd olunmalıdır ki, reklam sahəsi sırf administrativ addımlarla inkişaf edə bilməz. Hüquqi baza elə olmalıdır ki, rəqabət şəraiti yaransın və həm də bazar iştirakçılarını stimullaşdırsın.

– Televiziya və radio verilişlərinin monitorinqi aparılırmı? Hansı qanun pozuntuları aşkarlanıb?

– Hazırda Milli Televiziya və Radio Şurasının, yeni qanun layihəsində isə Azərbaycan Respublikası Audiovizual Şurasının əsas fəaliyyət istiqamətlərindən biri teleradio yayımının monitorinqinin aparılmasıdır. 2021-ci il ərzində baş verən pozuntularla bağlı yekun hesabat hazırlanır. Amma belə deyə bilərəm ki, bu pozuntular əsasən həm televiziya, həm radioda reklam və sponsorluqla bağlı yayım həcminin aşılması, televiziyada yayımlanan filmlərdə tütün məhsullarından istifadə prosesinin xəbərdarlıqsız açıq nümayişi, bir sıra televiziya proqramlarında söyüş və nalayiq ifadələrdən istifadə olunması, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun pozulması ilə bağlı faktlardır. Eyni zamanda qeyd etməliyəm ki, 2020-ci il ilə müqayisədə pozuntuların sayı xeyli azalmış, mövcud pozuntular da əsasən texniki səbəblərdən qaynaqlanmışdır. Şuranın həyata keçirdiyi inzibati məsuliyyət tədbirləri, maarifləndirici görüşlər, seminarlar, təqdim etdiyi tövsiyələrin nəticəsi olaraq yayımçılar mümkün qədər az qanun pozuntusuna yol verirlər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən televiziyalarda dil normalarının qorunub-qorunmaması ilə bağlı monitorinqlər aparılırdı. Bu monitorinqlərin nəticəsi sizə təqdim edilibmi?

– Bildiyimiz kimi, televiziya kanallarında aparılmış belə monitorinqlər yekunlaşıb və hesabatlar hazırlanır. Radio kanalların monitorinqi isə davam edir. Hesabatlar açıqlandıqdan sonra biz onlarla tanış olub müvafiq reaksiya verəcəyik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birlikdə həm müzakirələrin aparılması, həm də aparıcılar, baş redaktorlarla birgə toplantı və seminarların keçirilməsi nəzərdə tutulur.

– İsmət müəllim, müsahibənin sonunda, “Media haqqında” qanun layihəsini tənqid edənlər barədə nə demək istərdiniz?

– Əslində tənqidin olması bizi sevindirir. Parlamentdə keçirilən ictimai müzakirələrin məqsədi məhz budur ki, bu müzakirələr zamanı müxtəlif fikirlər ortaya çıxır. Təbii olaraq qanun layihəsini hamı dəstəkləyə bilməz, əks fikirlərin olması da labüddür. Lakin bir qeyd etmək istərdim ki, tənqid özü də əsaslı və mahiyyətinə uyğun olmalıdır. Yanlış və reallığı əks etdirməyən mülahizələr üzərində qurulan tənqid, fikirimcə, həm o tənqidləri səsləndirilənlərin, həm də onlarla tanış olanların səmərəsiz vaxt keçirməsidir.

Mən özüm işçi qrupda təmsil olunduğumdan çox əminliklə deyə bilərəm ki, orada çox peşəkar və bilikli hüquqşünaslar, media sahəsinin nəinki nəzəri cəhətdən biliciləri, həm də medianın praktik olaraq bütün problem və çətinliklərindən xəbərdar olan peşəkarları iştirak etmişlər. Həmin insanların əməyi nəticəsində ortaya çıxmış bu layihənin qəbul olunması ilə media, o cümlədən, audiovizual media sahəsinə yeniliklərin, yeni abı-havanın, müsbət dəyişikliklərin gəlməsinə inanıram.

APA