Mühakimə olunmuş sayt rəhbəri Apellyasiya Məhkəməsinə ümid edirbackend

Azərbaycan Ali Məhkəməsi infoplyus.tv saytının təsisçisi Cəlal Məmmədovun barəsində qərarı ləğv edib və işi təkrar baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

C.Məmmədov cinayət təqibini əsassız hesab edir və bəraət verilməsinə təkid edir.

Onun anası Nərminə Məmmədova Turan-a bildirib ki, Cəlal 2019-cu ilin avqustunda hədə-qorxu ilə tələb etmək ittihamı üzrə 5 il, 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onun sözlərinə görə, infoplyus.tv saytında əxlaqsızlıq yuvaları haqda faktlar ifşa edildikdən sonra Məmədov saxta ittiham əsasında həbs edilib.

“Cəlaldan şikayət edən şəxs vaxtilə Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğluya da şər atıb. O da mühakimə olunub, sonradan əfv edilib. Nəticədə bu adamın özünü əxlaqsızlıq yuvaları saxladığına görə mühakimə ediblər. Lakin o, oğlumdan əl çəkmir. Bakı Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə müddətini 2 il 3 aya qədər azaltsa da bundan kassasiya şikayəti verilib. Bundan sonra Ali Məhkəmə işi təkrar baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib”, – N.Məmmədova bildirib. O əmindir ki, onun oğlu prezidentin keçmiş köməkçisi Əli Həsənovun təqibinin qurbanı olub.

“Oğlumun həbsinin arxasında prezidentin keçmiş köməkçisi Əli Həsənov dayanır. Cəlal hakimiyyətin KİV sahəsində siyasətini tənqid edib. Əli Həsənovu işdən çıxardılar və onun fəaliyyətinin nəticələri də aradan qaldırılmalıdır”, – N.Məmmədova deyib.

O qeyd edib ki, oğlu Azərbaycan prezidentinə müraciət edib və dövlət başçısından ədalətin bərpa olunmasını xahiş edir.

Yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində işə təkrar baxılması gözlənilir.

Doğruxeber.az