“Müharibənin yenidən başlama şansı yoxdur”backend

“Əminliklə deyə bilərəm ki, müharibə bölgədəki geosiyasi gərginliklərin sona çatması ilə nəticələndi. Çünki müharibədən öncə regiondakı gərginlik son dərəcə yüksək idi”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, 2019-cu ilin yazından başlayaraq, Ermənistanın o vaxtkı müdafiə naziri artıq sülh üçün Minsk Qrupu ərazi formulunu qəbul etmədiklərini dilə gətirmişdi:

“Bu formula görə Ermənistan Azərbaycanın torpaqlarını geri qaytaracaq, Azərbaycan isə erməni tərəfinə sülh zəmanəti verəcəkdi. Keçmiş nazir isə (Tonoyan – red.) bundan imtina etdi, “yeni formul – yeni ərazilər üçün yeni müharibələrdir” dedi. Və bu, Baş nazir Paşinyanın sonradan təkrarladığı bir fikir idi”.

M.Brayza qeyd edib ki, erməni tərəfi gərginliyi artırmağa çalışırdı və bəlkə də müharibənin olmasını istəyirdi:

“Görünür, erməni tərəfi çox güman ki, Azərbaycanın Türkiyə ilə tərəfdaşlıq və İsrailin köməyi ilə öz ordusuna inteqrasiya etdiyi innovativ taktika və texnologiyalardan xəbərsiz olaraq qalib gələ biləcəyini guman edirdi.

Beləliklə, müharibədən əvvəl geosiyasi gərginlik çox yüksək idi və xatırlayırıq ki, 2020-ci ilin iyul ayında Azərbaycan və Ermənistan sərhədi boyunca hərbi toqquşmalar baş verdi, amma Minsk Qrupunun həmsədrləri Fransa və ABŞ heç nə etmədi. Rusiya çox fəallıq göstərdi, amma öz qoşunlarını konfliktə cəlb etmədi.

Əslində, münaqişədən dərhal sonra Rusiya Ermənistanla təcili hərbi təlimlər apardı, daha sonra Türkiyə də Azərbaycanla eyni şeyi etdi. Beləliklə, o anda Vaşinqtondakı beyin mərkəzləri, dünyadakı bir çox dostlarım və jurnalistlər Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın və hətta bəlkə də İranın iştirakı ilə regional müharibə ehtimalının olduğuna inandılar.

Hazırda isə belə bir şans yoxdur. Azərbaycanla Ermənistan arasında gələcəkdə heç bir müharibə olmayacaq, çünki Ermənistan müharibə aparmaq iqtidarında deyil, Azərbaycan isə bunu istəmir. Rusiya və Türkiyə də öz növbəsində bölgədə müharibə olmasını istəmir. Beləliklə, müharibənin yenidən başlama şansı yoxdur”.

Axar.az