Müstəqil Azərbaycanın bu günkü reallıqlarıbackend

Əsil və əbədi müstəqilliyini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əldə edən Azərbaycan öz haqq işi uğrunda mübarizəsindən bir an belə geri çəkilmədi.

Ardıcıl və məqsədyönlü siyasət, uğurlu diplomatiya, iqtisadi və hərbi sahədə qazanılmış nailiyyətlər və siyasi sabitlik bu proseslərin sonunu gətirdi. Ulu Öndər ideyalarının mübariz davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi öz sözünü dedi. 44 günlük Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Üç minə yaxın şəhidimizin qanı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Dünyaya sübut elədik ki, bizim qəlbimizdəki Vətən sevgisinin qarşısında heç bir güc, heç bir silah davam gətirə bilməz. Sübut elədik ki, öz liderinin ətrafında sıx birləşən bir xalqı yenmək olmaz. Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı.
104 il bundan əvvəl Azərbyacanın müstəqilliyi ardı-arası kəsilməyən ağır, gərgin ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə elan olunmuşdu. Qurucuları Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq üçün həm ölkənin daxilində, həm də xaricində kök salmış düşmənlərə qarşı mübarizə aparırdılar. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində aparılan mübarizədə bir çox sahədə nailiyyətlər əldə edilsə də, o vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi, həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Müstəqiliyin elanından bir gün sonra yeni yaradılmış hökumət qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. Çünki XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm deyildi. Dünya imperializmi və yenidən dirçələn Rusiya imperiyası buna imkan vermədi. Sovet hakimiyyəti illərində də vahid dövlət daxilində olsaq da ermənilər öz torpaq iddialarından əl çəkmədilər.Sovetlər Birliyinin dağılması onların beynəlxalq güclərə arxalanaraq Qarabağı işğal etməsi ilə nəticələndi. 30 il ərzində işğalda saxladıqları bu cənnət diyarı xarabazarlığa çevirdilər, daşı daş üstə qoymadılar.
İndi isə bu torpaqlara “Böyük qayıdış” başlayıb. Qarabağın hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bunlar göstərir ki, ermənilərdən fərqli olaraq biz azərbaycanlılar qurub yaratmağı sevirik.
Dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin az olduğu bir dönəmdə Azərbaycan regionda yardıma, kreditə ehtiyacı olmayan yeganə ölkədir. Bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır.
Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.
Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edən Ermənistan bəzən bu öhdəlikılərdən yayınmağa çalışsa da danışıqlar masası arxasında oturmağa, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Zəngəzur dəhlizi də açılacaq, sərhədlər də tezliklə dəqiqləşəcək. Yeni dünya düzəni və Azərbaycanın real gücü bunu deyir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. Arxalandığı havadarları isə bu gün reallıqları qəbul etmək zorundadırlar. Çünki ən çətin dönəmlərdə belə, Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayandığını sübut elədi. Bu gün tarixin ən mürəkkəb sınaqlarından uğurla keçən Azərbaycan müstəqilliyimizin 104-cü ilini qeyd edir. 104 il bundan əvvəl Şərqdə ilk Cümhuriyyət bayrağı qaldıranların arzuları vətəni azad, dövləti qüdrətli görmək, yurdun hər qarışına sahib olmaq, bütöv görmək idi… Bu gün şəhid qanı ilə suvarılmış Qarabağda Azərbaycan bayrağı daha əzəmətlə, daha qürurla dalğalanır.
Azərbaycan Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyasının qazandırdığı zəfərlə güclü, qüdrətli dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur.

İlqar kərimov
YAP Tovuz rayon təşkilatının sədr müavini