Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tamhüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.
Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir.
Azərbaycanda dövlət rəmzlərinin qəbulunun özünəməxsus tarixi vardır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilmişdir.
1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edilmişdir.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2007-ci ilin 17 noyabrında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam vermişdir. Həmin sərəncama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş, 01 sentyabr 2010-cu il tarixdə Bakıda Dövlət Bayrağı meydanının təntətənli açılışı olmuşdur.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının qəbul edildiyi 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı günü kimi rəsmi bayram statusu almışdır. Hər il bu bayram müstəqil Azərbaycanda böyük təntənə ilə qeyd olunur.
Fatimə Talıbzadə. Nəsimi rayon sakini