Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdirbackend

Azərbaycan xalqının 1993-cü il iyunun 15-nə qədər topladığı təcrübə göstərir ki, xalqın bir hissəsi hətta qısa bir müddətə öz milli ideyasının hədəflərindən kənara çıxanda, müxtəlif qruplaşmaların, partiyaların və ya hərəkatların liderlərinin şəxsi əqidələri, şəxsi maraqları üstünlük təşkil edəndə, bu, bütün xalq üçün çox kədərli nəticələrə gətirib çıxarır.

Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərlik etməyə başlayanda dövlətin inkişaf dinamikasını təmin etməli, cəmiyyətin həyatının nəbzini yüksəltməli, sosial anemiya və gərginliyi, identiklik böhranını aradan qaldırmalı olan, ümumi rifaha və maraqlara xidmət edə biləcək səmərəli ideologiyaya ehtiyac olduğunu hiss edirdi. O deyirdi: “Biz azərbaycançılığı – Azərbaycan dilini, onun mədəniyyətini, milli-mənəvi dəyərləri, adət və ənənələri inkişaf etdirməliyik”. Azərbaycançılıq konsepsiyasına həm müstəqillik, dövlətçilik, demokratiya, ədalət və milli tərəqqi kimi ümumbəşəri dəyərlər, həm də dünyəvilik daxil idi. Daxili siyasət sahəsində ölkədə əldə edilmiş konsensusa əsaslanan neokonservatizmin əsas ideyalarının özünəməxsus amalqaması, xarici siyasət sahəsində isə müstəqillik və ərazi bütövlüyü konsepsiyası ideya-məqsəd kompleksi kimi çıxış edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun yaratdığı və müdafiə etdiyi azərbaycançılıq ideologemi məlum liberal-demokratik dəyərlərin postulatlarına malik olan Azərbaycan milli ideyasının genişlənməsinə şərait yaratmışdır. Həmin dəyərlər bunlardır: Xalqın suverenliyi ideyası, insan hüquqları konsepsiyası, hüquqi dövlət doktrinası, hakimiyyətin bölünməsi nəzəriyyəsi, siyasi və ideoloji plüralizm prinsipi, xüsusi mülkiyyətin qorunması və s.

Ümummilli lider Heydər Əliyev məxsusi siyasi uzaqgörənlik məharətinə malik idi. Bu istedadlı rəhbərin genişmiqyaslı və qlobal təfəkkürü sayəsində Azərbaycan nəinki müstəqil, suveren subyekt kimi çıxış etmiş, həm də dünya birliyinə layiqincə inteqrasiya etmiş, öz strateji maraqlarını müəyyənləşdirmiş və beynəlxalq ziddiyyətlərin siyasi ümmanında həmin maraqlarını uğurla həyata keçirməyə başlamışdır.

Heydər Əliyev sözün həqiqi mənasında öz Vətənini xilas etmişdir. Ona görə də bu gün, müstəqil Azərbaycan öz tarixində çox əlamətdar bir hadisəyə, müstəqilliyin 20 illiyinə hazırlaşdığı bir vaxtda biz dövlətimizin təkcə de-yure deyil, həm də de-fakto suverenlik qazanmaq üçün keçdiyi yolun bütün mərhələlərini, qanunauyğunluqlarını, spesifikasını və xüsusiyyətlərini daha diqqətlə dərk etməyə çalışırıq. Bu qütblər arasındakı koordinatlar isə həm de-yure, həm də de-fakto real siyasi məzmun kəsb edir və bu, müasir Azərbaycanın siyasi inkişafının mahiyyətidir. İngiltərənin məşhur siyasi xadimi E.Halifaks haqlı olaraq yazırdı: “Azadlığa nail olmaq və onu qoruyub saxlamaq yalnız onun bahasına mümkündür ki, bəşəriyyət bir qayda olaraq bu qiyməti ödəməyə hazır deyildir”. Ümummilli liderimiz Heydər Əliyev milli müstəqillik uğrunda öz canından keçməyə, düşünmədən həyatını öz xalqına qurban verməyə hazır idi. M.Haydeggerin təbirincə desək, dövlət hakimiyyətinin və liderin nüfuzunun olmaması istənilən sosial orqanizm üçün “unudulmaq”, “yanıb külə dönmək” və “çürümək” təhdididir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli və coşqun fəaliyyəti siyasi həyatın belə bir mübahisəsiz qanununu nümayiş etdirir ki, milli həmrəylik amilinin sosial mexanizmləri rolunda məhz hakimiyyət və lider çıxış edir.

Müstəqillik biz azərbaycanlılar üçün məhz belə bir sərvət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir: “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.

Əskərzadə Toğrul

Nəsimi rayon ziyalısı