Müstəqillik tarixinin ilk Zəfər Paradıbackend

Dünən Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı öz haqq mübarizəsindən Qalib çıxan Azərbaycanın bütün dünyaya Qələbəsinin, Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edərək mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıc idi.

Belə ki hər zaman qonşuların ərazi iddiaları nəticəsində süverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəbskarlarının layiqli cavabını verə bildi.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də 44 günlük Vətən müharibəsi dövründə biz bütün güclərimizi səfərbər edərək, mənfur düşmənin mübarizə əzmimizi qırmasına imkan vermədik, düşmən üzərində qələbə qazandıq, tarizi ədaləti bərpa edib bütün dünyaya qalib Azərbaycan, məğlub Ermənistan xalqını göstərmiş olduq. Azərbaycan əsgəri sübut etdi ki, biz mübariz xalqıq. O, illərlə formalaşmış “uduzmuş xalq” sindromunu qırdı. Artıq biz “qalib xalqıq”, bizim özümüzə inam hissimiz artıb. 44 gündə və hazırkı dövrdə hələ də xalqımız tərəfindən elə nümunələr göstərilir ki, bu, bizim bütövlükdə mərd, vətənpərvər, igid xalq olduğumuzu bir daha təsdiqlədi. Xalqımız yumruq kimi, cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir amal uğrunda birləşdi.
Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş oldu. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, ən əsası isə İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin sıra addımı ilə Qələbəni qeyd etməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün – o böyük gün gəldi, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Biz əminik ki, artıq Birinci Qarabağ savaşında və Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şaddır!
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!