Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdirbackend

İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi.

Azərbaycanın enerji siyasəti sahəsində ilk uğurları şübhəsiz ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” adlandırdığımız, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə bağladığımız müqavilədən başlayır. Ötən müddət ərzində həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə uğurlu fəaliyyətimiz durmadan artıb və Azərbaycan özünü enerji ehtiyatları ilə təmin etməkdə çətinlik çəkən ölkədən enerji ixrac edən ölkəyə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin Prezident İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq forumlara dəvət edilməsi ölkəmizin və dövlətimizin başçısının beynəlxalq nüfuzundan xəbər verir.

Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində işə başlayan “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması da deyilənləri bir daha təsdiqləyir.

Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Azərbaycanın enerji istehsalı və ixracı, enerji təhlükəsizliyi sahəsindəki nailiyyətlərini Prezident İlham Əliyevin ölkəmizdə yaratdığı bu siyasi və iqtisadi sabitliyə, qətiyyətli siyasi iradə nümayiş etdirdiyi xarici diplomatiyaya, dünya dövlətləri ilə qurduğu uğurlu əməkdaşlığa, Vətən və xalq sevgisinə borcluyuq.

Elm xadimi,  ziyalı

Elmira Babayeva