Naftalanda Beynəlxalq Əlillər Günü qeyd olundu – FOTOLARbackend

03 dekabr 2021-ci il tarixində Beynəlxalq Əlillər Günü münasibətilə Naftalan şəhərində yerləşən Regional Bərpa Mərkəzində Vətən müharibəsi qaziləri və müxtəlif səbəblərdən əlil olmuş sakinlərlə görüş keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Regional Bərpa Mərkəzinin rəhbərliyi və kollektivi iştirak edib.

Əvvəlcə xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən deputat Anar Məmmədovun köməkçisi Elçin Cahangirov ölkəmizdə əlillərin reabilitasiyası üçün geniş imkanlar yaradılmasının, müasir tələblərə uyğun reabilitasiya müəssisələrinin açılmasının Prezident İlham Əliyev tərəfindən həssas qruplara xüsusi qayğının bir nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

Tədbir iştirakçılarını salamlayan Kəmalə Hüseynova da öz növbəsində dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Naftalan şəhərində həyata keçirilən işlərdən danışmışdır.