Naxçıvan dəhlizi: uğurlar və perspektivlərbackend

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın coğrafi əmək bölgüsündə çox əhəmiyyətli yeri vardır. Belə ki, muxtar respublikada müəyyən növ məhsullarda ixtisaslaşma getmiş, gələcək üçün perspektivlər inkişaf etdirilmişdir. Naxçıvanın iqtisadi inkişaf dinamikasının planlaşması üçün region iqtisadiyyatının formalaşması və tarixi xüsusiyyətlərinin araşdırılmasına xüsusi diqqət göstərilir. Muxtar respublikanın sosial-iqtisadi inkişaf tarixinə nəzər saldıqda 2 mərhələni, ayrıca qeyd etməliyik.

Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir ki, bu tarix, nəinki Naxçıvanın, hətta Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixdə iqtisadiyyat kompleks şəkildə inkişaf edib. Belə ki, bu illər ərzində sənaye və kənd təsərrüfatına qoyulmuş kapitalın həcminin artırılması nəticəsində istehsalın orta illik həcmi dəfələrlə artdı. Qeyd etməliyik ki, 1970-1980-ci illər arasında istifadəyə verilən 39 sənaye müəssisəsinin bir çoxu, o cümlədən 4-ü elektroenergetika, 10-u tikinti materialları sənayesi, 4-ü yüngül sənaye, 17-si yeyinti sənayesi, 4-ü maşınqayırma olmaqla, rabitə poliqrafiya və digər sahələrin təməli qoyulmuşdu. Bu dövrdə Araz çayı ürərində su elektrik stansiyasının qurulması muxtar respublikanın enerjiyə olan asılılığını minumuma endirmişdir.

Sözügedən dövrdə şüşə qablar, alüminium qablar zavodu, dəmir-beton məmulatlar zavodu, evtikmə kombinatı, travertin karxanası, tütün-fermentasiyası zavodu, alt trikotaj və tikiş fabrikləri, bir sıra şərab-konserv zavodları fəaliyyətə başladı. Sonralar şərab zavodlarının sayı 5-ə çatdırıldı. Tək şərabçılıqda məhsuldarlıq 4.9 dəfə fərq edərək 370 min dekalitr olmuşdur. Artıq 80-ci illərin ortalarında yerli tələbatlar tamamilə ödənildi. 70-ci illərin sonunda sənaye sahələrinə ipəkçilik, baramaçılıq da qoşuldu. Həmin dövrdə Naxçıvanda istehsal edilən mineral sular Azərbaycanın tələbatının 60 faizini təmin edirdi. İstehsalın həcmi 4.1 dəfə artaraq 152 min butulkaya çatmışdı.
Bir çox sahələrdə yaradılan inkişaf dinamikası 80-ci illərin ortalarınadək inkişaf etdi. Sovet İttifaqının dağılması ilə Naxçıvanda da iqtisadiyyatda durğunluq yaşandı. Məhz belə bir dövrdə, iqtisadiyyatın tənəzzülə doğru getdiyi bir vaxtda ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gələcəyə hesablanmış proqnozları ilə yenidən Naxçıvanın sosial-iqtisadi vəziyyətinin inkişafına təkan verildi. 6 aprel 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Məqsəd həm özəlləşmədən gələn gəlirləri büdcəyə nəql etmək, həm də kənd əhalisini təsərrüfatla məşğul olmağa sövq etmək idi.
Aparılan işlər, qəbul edilən qərarlar nəticəsində son 10 ildə ÜDM, sənaye məhsulları, əsas kapitala yönələn vəsaitlər, rabitə, ödənişli xidmətlər və digər sahələrdə artım əldə edilib. Təkcə onu qeyd etmək kifayət edər ki, son 10 ildə orta əməkhaqqı 170 faiz artaraq 484 manata çatmışdır. Respublika səviyyəsində qəbul olunmuş regionların sosial-iqtisadi inkişaf proqramı 2004-2008, 2009-2013-cü il proqramlarında, eləcə də Naxçıvan Muxtar Respublikası 2005-2008, 2009-2013, həmçinin 2019-2023 mərhələsində inkişaf əldə edilməkdədir.
Naxçıvan Muxtar Respublikası ölkə ərazisinin 6.3 faizini və əhalisinin 4.5 faizini təşkil edir. Anklav ərazi olmağına baxmayaraq, bölgədə bütün infrastruktur imkanlar yaradılıb. Belə ki, 360-ı respublika əhəmiyyətli olmaqla, 600 km yol örtüyü müasir yükdaşımada istifadə olunur. Müxtəlif vaxt aralığı ilə bölgədə yaradılan sement zavod, Naxçıvan Avtomobil Zavodu və iri sənaye müəssisələri regionda işsizliyin səviyyəsini aşağı salmaqla yanaşı, əhalinin tələbatının yerli məhsullarla ödənməsinə imkan verir.
Bu gün muxtar respublikada iqtisadiyyat inkişafının ən yüksək səviyyəsində dayanıb. Yeni fəaliyyətə başlayan istehsal müəssisələri işsizliyin faizini minimuma endirməklə yanaşı, əhalinin məşğulluğunun etibarlı təminatçısına çevrilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən istehsal-sənaye müəssisələri yerli tələbatı tam ödəməklə, istehsal olunan məhsulları xarici bazarlara da çıxarır. Blokada şəraitində olan Naxçıvan üçün yeni imkanların açılması isə Vətən müharibəsində ölkə­mizin tam qalibiyyəti ilə baş tutdu. Belə ki, 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurduqdan sonra 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata görə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat təhlükəsizliyinə zəmanət verildi. Bu tarixi razılaşma muxtar respublikanın illərdir, davam edən blokada şəraitinə son qoymaqla yanaşı, həm də onun yeni inkişaf mərhələsinə başlamasına imkan verəcəkdir.
Naxçıvan dəhlizi regionun sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsində birbaşa rol oynayacaq. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bu gün bir sıra emaledici məhsulların istehsalı ilə məşğuldur. Bu gün Naxçıvanda istehsal edilən bir sıra emaledici məhsullar, o cümlədən mineral sular, alkoqollu içkilər və digər emaledici ərzaq məhsullarının kifayət qədər böyük bazarı var. Amma uzun müddət quru və eyni zamanda dəmir yolu nəqliyyatından istifadə imkanlarının olmaması Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Nəticə etibarilə, artıq dəhlizin istifadəyə verilməsi imkan verəcək ki, Naxçıvan sahibkarlarına istehsal etdikləri məhsulları daha geniş bazarlara çıxarmaq imkanları qazandıracaq. Bu da sahibkar­lığın inkişafına böyük imkanlar yaradacaq. Bundan əlavə, dəhlizin əsas faydalarından biri də bütün dəhlizlərdə olduğu kimi, daşımaçılıqda əhəmiyyətli rol oynamasıdır. Odur ki, bu yol istər yük, istərsə də sərnişin daşınması sahəsində kifayət qədər önəmə malikdir.

Naxçıvan dəhlizinin açılması təkcə muxtar respublikanın iqtisadi inkişafında deyil, həmçinin ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaq. Belə ki, bu dəhliz vasitəsilə ölkə sahibkarları əlavə nəqliyyat xərcləri çəkmədən istehsal etdikləri məhsulları Naxçıvan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Qeyri-neft ixracatımızda, ölkəyə daxil olan valyutanın həcmində artımlar müşahidə olunacaq, eyni zamanda Azərbaycan və eləcə də Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək. Bu da Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradaraq ölkəmizin regionda strateji mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.

Hüseyn BAĞIRSOYLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent