Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçiriləcək.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.
Saat 11:00-da başlayacaq sessiyanın müzakirəsinə bu məsələlər daxil edilib:
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;
3. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 21-də istefa verib. Naxçıvan Ali Məclisinin qapalı keçirilən iclasında onun vəzifəsindən azad olunması ilə bağlı qərar səsə qoyularaq qəbul olunub. Ali Məclis sədrinin vəzifələrinin müvəqqəti icrası birinci müavin Azər Zeynalova tapşırılıb.