Nazilə nazirliyi ələ saldı: “Direktor təbii ehtiyacını vedrədə…”backend

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Leyla Nəcəfquliyeva ətrafında gedən müzakirələr səngimək bilmir.

Müəllimin bu hadisədən sonra töhmət alması ilə bağlı yayılan fikirlər isə müzakirələri daha da qızışdırdı.

“Yeni Gundem” xəbər verir ki, tanınmış şairə Nazilə Səfərli də məsələyə səssiz qalmayıb.

O, Elm və Təhsil Nazirliyinə müraciət edib:

“Yaxşı olardı ki, Təhsil Nazirliyi o məktəbin direktorunun iş otağına  boş vedrə qoymağı tələb etsin ki, direktor bəzi təbii ehtiyaclarını vedrə vasitəsi ilə qarşılasın. Direktorun kabinetində olan ayaqyolunu isə yenisi tikilənə qədər şagirlərin istifadəsinə versinlər. Nəyə görə belə yazdım, çünki nazirliyi problemlərdən agah etmək və büdcədən ayrılmış vəsaiti lazımi problemlərə yönəltmək direktorun birbaşa vəzifəsidir.

Cənab nazir, yeyinti olub-olmadığını müəyən etmək üçün komissiya göndərməyinizi xahiş edirik. Problemi işıqlandıran müəllimin maaşından tutulan pulu isə özünə qaytarın”.

N.Səfərli bu işi öz öhdəsinə götürməyə belə hazır olduğunu qeyd edib:

“Allaha xatir mən bu işi öhdəmə götürərəm. Növbə gözləyərkən sidik qaçırıb uşaqların önündə gülünc olan körpələrə, yəni aşağı siniflərdə təhsil alan uşaqlara xatir tualeti şəxsən özüm tikərəm. Çox təkliflər var, amma hələlik bu qədər bəs edər… İmişli Rayonuna toya getsək daha yaxşı olardı, görünür, qismət belə imiş”.