Nazim İbrahimovun rəhbərlik etdiyi ətalətli qurumdan əsər-əlamət qalmayıbbackend

Ötən gün 197 azərbaycanlının çarter reysi vasitəsilə Kiyevdən vətənimizə gətirilməsi xəbəri sevinclə qarşılandı. Sosial şəbəkələrdə yayılan bu xəbər dəhşətli koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparan dövlətimizin öz vətəndaşlarını dar ayaqda tək buraxmadığını bir daha nümayiş etdirdi.

Elə ayağı Vətən torpağına dəyən soydaşlarımız da hava limanından karantin məkanına göndərilənədək onlarla maraqlanan media təmsilçilərinə dövlətimizə minnətdar olduqlarını dəfələrlə vurğuladılar. Bu zaman maraqlı məqam diqqəti cəlb etdi. Onlar təxliyə olunana qədər çətin durumda Azərbaycan Səfirliyindən deyil, Ukraynadakı diasporumuzdan və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək gördüklərini dilə gətirdilər.

Əslində bu açıqlamalar təəccüb doğurmur. Diasporla İş üzrə Dövlət Komitəsinin son illərdəki çevik və şəffaf fəaliyyəti göz önündədir. Bu, atıq Nazim İbrahimovun rəhbərlik etdiyi ətalətli qurum deyil.

Dövlət Komitəsinin sədri Fuad Muradov öz komandası ilə birlikdə rəhbərlik etdiyi quruma canlılıq, çeviklik və əsl insani münasibət gətirib. Hazırda bu qurum hansısa qaranlıq, məkrli işlərlə deyil, Müstəqil Dövlətimizin və Xalqımızın maraqlarına, bəşəri dəyərlərə cavab verən fəaliyyətlə məşğuldur.

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla hədə, təhdid, intriqa, höcət dilində danışmır, əksinə onlara yaşadıqları ölkələrin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına yaxından inteqrasiya olunmağı, yerli dövlət dilini mükəmməl şəkildə mənimsəməyi, milli-mənəvi və mədəni dəyərlərimizi, Azərbaycanın tarixi həqiqətlərini və ədalətli mövqeyini təbliğ etməyi tövsiyə edir.

Fuad Muradov isə soydaşlarımızın heç bir sualından qaçmır, onların bütün tənqidi fikirlərinə hörmətlə yanaşır və məsələlərə təmkinlə aydınlıq gətirir. Nəticədə, vaxtilə bəzi dövlət məmurlarının yolverilməz hərəkətləri üzündən bütövlükdə hakimiyyətdən inciyən, ondan kənar gəzməyə çalışan xaricdəki soydaşlarımız indi Dövlət Komitəsi ilə əlaqələri intensivləşdirib və rəsmi Bakının Azərbaycan həqiqətlərinə dair yürütdüyü siyasəti xaricdə fəal şəkildə təbliğ edənlərin sırasına qoşulublar. Onların arasında isə elm, mədəniyyət və incəsənət xadimləri az deyil. Multimedia quruluşlarından və müasir texnologiyadan səmərəli istifadə metodları Dövlət Komitəsinin və onun rəhbər şəxslərinin əlçatanlığını çox asanlaşdırıb. Hazırda bura edilən müraciətlərin hər birinə dərhal baxılır və müvafiq cavablar verilir.

29 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, Azərbaycan evləri fəaliyyətə başlayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə “Qarabağ” adlı Azərbaycan məktəbləri təsis olunub. “Azərbaycan alimləri elmi diasporu” adlı informasiya portalı yaradılıb, “Beyin qazanma proqramı”, “E-Akademiya”, “Azərbaycan Diaspor Könüllüləri”, Fransada azərbaycanlı alimlərin ilk toplantısı, xaricdə yaşayan diaspor gənclərinin Yay və Qiş Düşərgələri, məşhur azərbaycanlıların nəslinin xaricdəki davamçılarının Bakıya dəvət olunmaları və sair layihələr dünya azərbaycanlılarının bir araya gəlməsilə, daha mütəşəkkil və sistemli şəkildə fəaliyyət göstərməsilə nəticələnib. 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlin şəhərində 30-dan çox ölkədən diaspor təşkilatlarının təşəbbüsü ilə Ümumavropa Qarabağ Mitinqinin keçirilməsi buna bariz nümunədir. Qurumun fəaliyyətindəki bu dönüş xaricdə söyüş ritorikası ilə məşğul olan kiçik dəstənin qıcıqlanmasına və onların azlıqda qalmasına gətirib çıxarıb.

Hələ pandemiyadan öncə Ankarada yaşayan jurnalist həmkarım İlhamə Qasımlı bu şəhərdəki Mamak Ali Kuşçu məktəbinin və Bakıdakı 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri arasında həyata keçirilən “Məktub qardaşlığı” layihəsi barədə vaxtaşırı sosial şəbəkələrdə paylaşmalar edirdi. Məktub yazmaqla yanaşı Türkiyə məktəbliləri ölkəmizin tarixi günlərində milli geyimlərdə Azərbaycanın dövlət himnini oxuyur, şairlərimizin Vətənlə bağlı şeirlərini söyləyir, milli rəqslərimizi ifa edirlər. Tezliklə layihənin daha da genişləndiyini görən həmkarım dəstək almaq məqsədilə Dövlət Komitəsinin rəhbərliyinə məktubla müraciət edir. Bir neçə gün sonra İlhamə Qasımlınən layihəsinə dəstək verilməsi, dövlətimizin xaricdəki soydaşlarımıza dayaq durması ilə qürurlandığı barədə ismarıcı bir dövlət qurumunun Prezident İlham Əliyevin tapşırıqlarının layiqincə yerinə yetirməsinə, hakimiyyətə baş ucalığı gətirməsinə kiçik bir nümunədir…

Dövlət Komitəsinin öz işinə və xaricdəki soydaşlarımıza bu nümünəvi yanaşması qorxunc koronavirus pandemiyası mərhələsində də davam etməkdədir. İstanbulda yaşayan jurnalist Məhsəti Şərif Özyürekin müdiri olduğu Mübariz İbrahimov məktəbinin icarə haqqını verə bilməyəcəkləri barədə sosial şəbəkədə həyəcan təbili çalmasına Dövlət Komitəsində biganə qalmadılar. Bir neçə gün sonra Məhsəti Şərif Özyürek məktəbin icarə pulunun göndərilməsinə, bu çətin dövrdə Azərbaycan Dövlətinin soydaşlarımızı dəstəkləməsinə dörə minnətdarlığını bildirdi.

Onun facebook səhifəsindəki minnətdarlıq statusunda deyilirdi: “Virus yeni yayılmışdı. Məktəblər baglandı. Bizim də Egitim dərnəyinə baglı məktəbimiz baglandı. Amma bizdə durumlar fərqldir. Bu problemlər bitib hər kəs geri qayidanda bizim uşaqlar qayida bilməyəcəkdi. Biz ofis sahibinə “bizi 3 ay və ya 5 ay gözlə” deyə bilmirdik. Amma biz birlikdə güclüyük. #Diaspor Komitəsi həmən məsələyə reaksiya verdi. “Virus bəlası sagalar. Amma uşaqlarımızın təhsilsiz qalması başqa bəladır” dedilər. Məktəbimizin problemini həll etdilər. Bu bəla bitənə qədər maddi problemimizi öz üzərlərinə götürdülər. Təşəkkürlər, Diaspora Komitəsi və azərbaycanlı uşaqların qayğısına qalan Komitə sədri Fuad müəllim! Başqa bir məsələdə bir neçə dəqiqə əvvəl burdakı vətəndaşlarımızın problemi ilə baglı yazdıgım statusa da dərhal reaksiya verdilər. Komitənin vətəndaşların yanında oldugunu bizim də vasitəmizlə  bərabər vətəndaşlarımızı darda qoymayacaqlarını dedilər. Başqa ölkədə dövlətinin qayğısını görmək qürur verir.#bizbirliktəgüclüyük”.

Təqdirəlayiqdir ki, bu münasibət imkan daxilində təkcə jurnalistlərə deyil, Komitəyə üz tutan hər kəsə sərgilənir. Belə iş prinsipi isə yalnız və yalnız dövlətimizə nüfuz qazandırır.

Dövlət Komitəsinin diaspor.gov.az saytında dərc olunan və sosial şəbəkələrdə paşlaşılan xəbərlərdən görünür ki, pandemiya dövründə həm Komitədə, həm də xaricdəki bütün diaspor təşkilatlarında və Azərbaycan evlərində 24 saat ərzində fəaliyyət göstərən operativ qərargah yaradılıb. Dövlət Komitəsi müvəqqəti çətinliklə üzləşmiş, eləcə də sərhədlərin bağlanması üzündən Vətənimizə dönə bilməyən bütün soydaşlarımızın (aprelin 17-nə qədər 47 ölkədən 5104 müraciət daxil olmuşdu) www.diaspora.support və [email protected] elektron ünvanlarına daxil olan müraciətlərinin dərhal cavablandırılması, onların aidiyyəti üzrə dövlət qurumlarına yönləndirilməsi, Azərbaycan dövlətinin vətəndaşlarımıza müxtəlif formada dəstək göstərməsinə çalışılıb.

Dövlət Komitəsinin vasitəçiliyi ilə Polşadan, Ukraynadan, Belarusdan, Rusiyadan, Dubaydan və Türkiyədən bir qrup soydaşımızın ölkəmizə təxliyə olunması həyata keçirilib.

Dövlət Komitəsinin təşəbbüsü ilə Gürcüstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası, Ukrayna, Belarus, Polşa və digər ölkələrdə karantin qaydalarına görə işlərini itirmiş və ya vaxtında Azərbaycana dönə bilmədiklərindən şətinliklə üzləşmiş soydaşlarımıza ərzaq və maddi dəstək göstərilib.

Azərbaycan dövlətinin “Biz birlikdə güclüyük” devizi çərçivəsində diaspor təşkilatları Kiyev, Odessa, Xarkov, Xerson, Moskva, Sankt-Peterburq, Kazan, Voronej, Yessentuki, Ulyanovsk, Arxangelsk, Yekaterinburq, İjevsk, Kurqan, Mahaçqala, Monteneqro, Stokholm, Rotterdam, Nyu York və digər şəhərlərdə yaşayan aztəminatlı və çoxuşaqlı yerli sakinlərə, eləcə də soydaşlarımıza, tələbələrimizə ərzaq yardımı göstərdilər.

Dövlət Komitəsinin vasitəsilə Çeçenistandakı Əhməd Kadırov Fondu və “Daymoxk” xeyriyyə fondu bu respublikada yaşayan, pandemiya səbəbindən işlərini itirən və vaxtında Azərbaycana dönə bilməyən 23 azərbaycanlı ailəsinə ərzaq yardımı göstərib.

Bu mərhələdə Dövlət Komitəsi bəlkə də öz fəaliyyətini virtual müstəviyə keçirən ilk rəsmi qurumlardan biri olub. İndiyə qədər 30-dan çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri ilə 46 videokonfrans keçirilib. Bu videokonfranslarda təkcə xaricdəki soydaşlarımızın yaşayış tərzi, onların üzləşdikləri müvəqqəti problemlər, postpandemiya dövrünə hazırlıq kimi məsələlər müzakirə olunmur, həm də vəziyyətdən çıxış yolları göstərilir və lazımi konkret tövsiyələr verilir.  Karantin qaydalarına uyğun şəkildə tarixi günlərlə əlaqədar gerçəkləşdirilən tədbirlər diqqəti cəlb edir.

Bu isə onu göstərir ki, hökumətimizdə müstəqil dövlətinə, xalqına, Prezidentin ölkə daxilində və xaricində yürütdüyü siyasətə sadiq olan, onun göstərişlərini dəqiqliyilə yerinə yetirən dövlət qurumları və məmurları da var. İnanırıq ki, ölkəmizdə həyata keçirilən kadr siyasəti və son dönəmda rezonans doğuran hadisələr belə qurumların və məmurların sayının artması ilə nəticələnəcək.

Xatirə Sadiq

Konkret.az