Nazir: “Ermənistanın ziddiyyətli hərəkətlərinə baxmayaraq, Üçtərəfli İşçi Qrupu çox böyük irəliləyiş əldə edib”backend

Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrup yaradılıb, təxminən 10 aydır kommunikasiyaların bərpası üzrə çalışmalar aparılır. Bunun üçün mütəxəssislər bölgəyə gəlib, ərazinin vəziyyətini incələyirlər.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya bildirib.

“Yalnız bunu deyə bilərəm ki, Ermənistanın bu məsələ əleyhinə açıqlamalarına, ziddiyyətli hərəkətlərinə baxmayaraq, Üçtərəfli İşçi Qrupu indiyə qədər çox böyük irəliləyiş əldə edib”, – nazir vurğulayıb.

C. Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması da çox əhəmiyyətlidir: “Üçtərəfli bəyanata görə, Azərbaycanın qərbi ilə Naxçıvan arasında yol açılacaq. Bu, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında birbaşa bağlantının təmin edilməsi deməkdir ki, bu da çox əhəmiyyətlidir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər əldə edəcək. Türkiyə üzərindən Avropa bazarına giriş imkanımız olacaq.

Eyni şəkildə Türkiyə də Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanı qazanacaq və bu da Türkiyə üçün yeni fürsətlər yaradacaq. Bu, həm Ermənistan, həm digər bölgə ölkələrinin xeyrinədir. Ermənistanın da bunu başa düşərək çox konstruktiv addımlar atmasını gözləyirik”.