Nazirlik: Elə bağça var ki, siyahıda uşağın adı var, amma özü yoxdurbackend

“Aparılan monitorinqlər nəticəsində müşahidə etdik ki, bağçada olmasa da, adı siyahıda olan uşaqlar olub”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonrakı müddətdə 1700 bağçanın 1500-də monitorinq keçirilib:

“Görürdük ki, orada təqdim olunan tədrisin məzmunu çoxunda oxşardır. Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırılıb. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir”.

Şöbə müdiri əlavə edib ki, Bakı, Abşeron və Sumqayıt üzrə bağçalara qeydiyyatla bağlı müəyyən problemlər var: “Boş yerlərin sayı ilə qeydiyyata düşmək istəyənlərin sayında ciddi fərq var. Belə ki, Bakıdakı bağçalar üçün təxminən 6000-ə yaxın boş yer olsa da, 30 minə yaxın valideyn müraciət edib. Bəzən yer var, ancaq sistemdə görünmür. Bu kimi hallarla da rastlaşırıq. Bölgələr də var ki, boş yer təqdim olunsa da, ancaq qeydiyyatdan cəmi bir-iki nəfər keçib. Təqvim ilinin sonuna sıxlıq, yer ehtiyacı məsələsində inanırıq ki, yaxşı mənzərəyə nail olacağıq. Yeni bağça qruplarının açılması məsələsinə də baxılacaq”.

APA