“Nazirlikdə baş alıb gedən korrupsiyadan Əbülfəs Qarayevin xəbəri yox idimi?” – Yusif Bağırzadəbackend

 

“Mədəniyyət Nazirliyində olan cinayət hadisəsi xarakterinə görə xüsusi ağır cinayətdir və başda Əbülfəs Qarayev olmaqla nazirliyin bütün rəhbər heyəti vəzifələrindən azad olunmalıdır”.

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə DTX-nin Mədəniyyat Nazirliyində həyata keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.

O qeyd edib ki, mətbuatda illərdir ki, Mədəniyyət Nazirliyindəki özbaşınalıq, korrupsiya və rüşvətxorluqla bağlı yazılar dərc olunmaqdadır: “Konkret indiki əməliyyata gəldikdə isə mən hələ bir müddət bundan əvvəl keçirilən əməliyyatların icra hakimiyyətləri ilə məhdudlaşmayacağını, ayrı-ayrı nazirlik və komitələri də əhatə edəcəyi ilə bağlı fikirlər bildirmişdim. Görünən odur ki, cənab Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayanlar təkcə bu və ya digər icra hakimiyyəti başçıları deyil, həm də ayrı-ayrı nazirlər və onların rəhbərlik etdiyi qurumlardakı məmurlardır. Mədəniyyət Nazirliyindən 10-a yaxın vəzifəli şəxsin istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar var və bunların da içərisində daha çox adı hallanan nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdur. Sadalanan faktlar onu göstərir ki, bu nazirlik mədəniyyətdən başqa nə ilə desən məşğul olub. Yüksək vəzifəli şəxslər və icra hakimiyyəti başçıları ilə sövdələşməyə gedərək köhnə Bakıda dövlət mühafizəsi altında olan bənzərsiz memarlıq binalarının dağıdılmasından tutmuş keçirilən beynəlxalq tədbirlər üçün nəzərdə tutulmuş dövlət vəsaitinin mənimsənilməsi, otellərdən, turizm şirkətlərindən yığılan rüşvətə qədər. Təsəvvür edin, bu nazirlik otellərin standartla cavab verib-vermədiyini yoxlamaq adı ilə komissiya yaradıb min bir bəhanə ilə otel sahiblərindən rüşvət alırmış. Otellərə verilən hər ulduza görə də tələb olunan pulun da məbləği artırmış”.

“Mədəni irsimizin qorunmasına və təbliğatına məsul olan şəxslərin cinayət törətməsi, mədəni irsimizi qorumaq əvəzinə ona xor baxması heç cür bağışlana bilməz. Onlara qarşı qanunun bütün sərtliyi ilə daha ağır cəzalar verilməlidir”, deyə o bildirib. 

Y.Bağırzadə xüsusi olaraq qeyd edib ki, bütün bu sadalanan hallar baş verdiyi zaman Mədəniyyət naziri Əbülfəs Qarayev hara baxırdı?

“Cəmiyyəti də maraqlandıran məqam budur ki, doğurdanmı, onun rəhbərlik etdiyi nazirlikdə baş verənlərdən xəbəri olmayıb? Buna kiminsə inanacağını düşünmürəm. Amma hətta belədirsə də demək ki, sən nazir kimi vəzifənin öhdəsindən gələ bilməmisən və rəhbərlik etdiyin qurumda kim nə istəyib onu da edib. Əbülfəs Qarayev özü müavin və əməkdaşlarının həbsinə münasibət bildirərkən deyir ki, “biz hüquqi dövlətdə yaşayırıq”. Bəli, cənab nazir biz hüquqi dövlətdə yaşayırıq. Mən də elə bunu nəzərə alaraq deyirəm ki, işçilərinin gördüyü cinayət əməllərinə görə sən də məsuliyyət daşıyırsan”.

“Nazirliklərin rayon icra hakimiyyətlərindən fərqi ondan ibarətdir ki, nazirlik dövlətin həmin sahə üzrə siyasətini müəyyənləşdirir”, deyə qeyd edən Y.Bağırzadə, bildirib ki, başda Ə.Qarayev olmaqla nazirliyin bütün rəhbər heyəti vəzifələrindən azad olunmalıdır:

“Mədəniyyət Nazirliyində olan cinayət hadisəsi xarakterinə görə xüsusi ağır cinayətdir və başda Ə.Qarayev olmaqla nazirliyin bütün rəhbər heyəti vəzifələrindən azad olunmalıdır. Artıq hər kəs korrupsiya və rüşvətxorluqla mübarizənin aparılmasına şəxsən Prezidentin özünün nəzarət etdiyini anlamalıdır. Nazir və ya nazir müavini, icra başçısı və ya vergi işçisi hər kəs başa düşməlidir ki, cənab prezident tərəfindən neqativliyin kökünün tam kəsilməsi üçün ortaya ali siyasi iradə qoyulub. Bu məsələdə hər bir vətəndaş, bütün cəmiyyət ölkə başçısının yanında olmalı, ictimai nəzarət daha da gücləndirilməlidir ki, yaxşı nəticələr əldə edə bilək”.