Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev – ORDUDA YENİ TƏYİNATLARbackend

Azərbaycan ordusunda boş qalmış vəzifələrə və yaradılacaq Quru Qoşunlarına komanda vəzifəsinə təqdimatların getdiyi iddia olunur.

“Yeni Gündəm”-in əldə etdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə hazırda müdafiə nazirinin müavini, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyevin təqdimatı göndərildiyi deyilir.

Müharibə dövründə Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırılmasından sonra, BQR vəzifəsini məhz Kərim Vəliyev icra edirdi. Kərim Vəliyevin BQR vəzifəsinə gətiriləcəyi uzun zaman idi ki, iddia olunurdu. Əldə etdiyimiz məlumata görə, buna qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Baş İdarə rəisi, general-leytenant Nizam Osmanovun adı iki dəfə BQR postu üçün təqdim edilib, ancaq müsbət cavab alınmayıb.

Təqdimatı göndərilənlər arasında ən diqqət çəkən ad Ənvər Əfəndiyevdir. General-mayor Ənvər Əfəndiyevin adı Quru Qoşunları komandanlığına göndərilib. Ənvər Əfəndiyev 44 günlük Vətən müharibəsində 6-cı ordu korpusunun komandiri kimi xidmət edib. Daha sonra 3-cü ordu korpusunun komandiri vəzifəsini icra edib. O, 1-ci ordu korpusunda Qərargah rəisi vəzifəsində olarkən xidmətdəki nöqsanlarına görə vəzifəsindən azad edilib. 3-cü ordu korpusunu idarə edə bilmədiyi üçün isə vəzifədə saxlanılmayıb. Müharibə vaxtı tabeçiliyində olan hərbçilərlər arasında davaların olması xəbəri də yayılmışdı. Bundan əlavə Kəlbəcərdə qış aylarında hərbçilərin “çeçenka” papaq taxmasını qadağan etdiyi üçün də ciddi insidentin yaşandığı barədə məlumatlar var.

Bundan əlavə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənovun Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə göndəriləcəyi barədə təqdimatın verildiyi bildirilir. Onun tutduğu posta isə 3-cü ordu korpusunda xidmət etmiş, korpus komandiri Xəqani Cəbrayılovun vəzəfədən uzaqlaşdırılmasından sonra onun vəzifəsini qısa müddət icra edən general-mayor Azər Quliyevin təqdimatının göndərildiyi iddia olunur. Müharibə vaxtı Murov istiqamətində ən çox itki məhz Azər Quliyevin zamanında verilib.

Yaxın günlərdə Müdafiə Nazirliyində boş qalan vəzifələrə təyinatlar olacağı gözlənilir.

Yenicag.az