Niyaməddin Musayev: “Qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan?”backend

“Axtarma məni”. Axtarsam, bu mahnının hər notunda bir xatirəmi taparam. Necə doğma, necə əzizdir bu nəğmə mənə. Elə bu nəğmənin izi ilə kəşf etmişəm onun sənətinin cazibəsini.

Fərqli olmaq, üstəlik, illər boyunca bu fərqə sadiq qalmaq… Özünəməxsus ifa tərzi, nəğmələri, səsi ilə səhnəmizin bir Niyaməddin Musayevi var – “Şöhrət” ordenli Xalq artisti, sevimli sənətkar Niyaməddin Musayev. Ona verəcək suallarım çox olsa da, söhbətə uşaqlıqdan məni maraqlandıran bir sualla başlayıram.

– Sizin saçlarınız niyə belədir?

– (Saçlarını toplayır) Bu mənə yaraşar? Yaraşmaz axı. İmic insanın üzünə, bədən quruluşuna görə olmalıdır. Geyim də elədir. Hər bir insan geyim seçərkən öz bədən quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz.

Bir gün qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan? Rayonda biabır olmuşuq. Mən də dedim yaxşı, o biri otağa keçib başıma bir papaq qoydum, saçlarımı da papağın altına yığdım. Bu dəfə də məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə özün kimi ol.

– Siz təkcə saç düzümünüzlə yox, ifa tərzinizlə də seçilmisiniz həmişə. Çox güman ki, bunu qəbul etməyənlər də olub.

– Əlbəttə. Yeniliyi qəbul etmək çətin gəlir, çünki yenilik edən adam onu qəbul etməyənlərdən üstündür. Ya musiqi düşüncəsi zəif olan insanların arxasınca getməlisən, ya da onları öz arxanca aparmalısan. O vaxtlar mən muğam ifaçısı idim. Ancaq düşünürdüm ki, neyləyim, nə edim ki, yenilik gəlsin. O vaxt dünya estradasına, “ABBA”ya, “Boney M”ə qulaq asırdım. Ona görə də qərara gəldim ki, qərb və milli alətlərin sintezi olan bir ansambl yaradım.

– “Röya”…

– İnsanlar  konsertlərimə axın-axın gəlirdilər. Sizə bir əhvalat danışım. Deməli, filarmoniyanın yay salonunda konsertimdir.  “Kölgəm qədər”, “Röya” kimi  mahnılar oxuyuram. Elə bu vaxt bir nəfər qalxıb dedi ki, “Bu nədir, bu, nə oxumaqdır, abırlı bir şey oxuya bilmirsən? Camaat qalxdı ki, belə danışdığına görə onu döysünlər. Tez aranı sakitləşdirib dedim ki, onunla işiniz olmasın. Ona isə cavab verdim ki, bunlar sənin mahnıların deyil. Sən bu mahnıları qəbul edə bilmirsən. Sənin üçün indi  oxuyaram. Başladım “Xarıbülbül” oxumağa. Kişi də mahnını eşidən kimi qışqırdı ki, “Ay sənə qurban olum”. Dedim, onda otur aşağı (gülür). Yəni hər adamın zövqünə uyğun nəğmələr var.

 – Elə nəğmələr var ki, müəllifinin siz olduğunu çox adam bilmir.

– Çünki Sovet dövründə belə bir damğa vurulmuşdu ki, savadı olmayan, bəstəkarlıq məktəbini bitirməyən adam bəstəkar ola bilməz. Mən isə o məktəbi qutarmamışam. O vaxt da gərək savadın olaydı ki, səni bəstəkar kimi qəbul edəydilər. Bu, yanlış düşüncədir. Hələ də Sovet şüuru ilə yaşayanlar var. Məgər xalq mahnılarını yazan konservatoriya qutarıb? Ələkbər Tağıyevin o məktəbi keçmədən yazdığı nəğmələr indi də aktualdır. Elə bəstəkarlar da var ki, təhsilli bəstəkardır, mahnı yazır, ancaq  xalq onu qəbul etmir, yazdıqları da tezliklə unudulur. Onu da deyim ki, savadla istedad birləşəndə gözəl olur. Hansı bəstəkar muğamı yaxşı bilirsə, bu, onun yazdıqlarına da təsir edir. Çünki muğamın hər hissəsi bir simfoniyadır. O hissələrdən neçə nəğmə yazmaq olar.

– Muğam demişkən, siz əvvəllər muğam ifaçısı olmusunuz. Bəs, necə oldu ki, estrada da qərar tutdunuz?

– Bəli, əvvəllər muğam ifaçısı olmuşam. Əslində, mənim istəyimlə olmadı. İmişlidən Bakıya iş üçün gəlmişdim. O vaxt  məni dəvət etdilər operaya, ancaq  elə alındı ki, operaya getmədim, gəldim filarmoniyaya. Yetmişinci illərdə…(fikrə gedir)… 1968-ci ildə muğam müsabiqəsinin qaliblərindən biri olmuşam. İkinci yeri götürmüşəm. Əslində isə birinci yer mənim idi.

– Deyirlər ki, yaxşı nərd oynayırsınız.

– Nərdi hamı oynayır da.

– Deyirlər, siz lap yaxşı oynayırsınız.

– (Gülümsəyir) Zərdir də.

– Zər demişkən, “Bir talenin oyununda cütlənmiş zərik”. Bu mahnı necə yaranıb?

– 1986-ci ildə xəstəxanada yatırdım.  O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu şeiri oxuyanda isə kövrəldim.

– Niyə?

– Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu,  mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım.

– Niyə o mahnıda sözlər musiqidən xeyli sonra başlayır?

– Bu, elə bir nəğmədir ki, birdən-birə başlasaydı, o fəlsəfəni aça bilməzdik. Çünki sözlər başdan-ayağa kədərdir, musiqisi isə ritmikdir, yəni o sözlərin musiqi ilə bağlantısı olmalıdır. Ona görə də, o cür başlayıram. İnsan qulaq asır və istər-istəməz musiqidən duyğulanır və gözləyir ritm gəlir, ritmlə də sözün ahəngi uzlaşır. Dünya da ki, başdan-ayağa ritmdir də.

“Bu get-gəllər bazarına dəvədir dünya,

Bu ömür gün naxışına həvədir dünya”.

Xalça toxunanda həvə ilməni vurub yatızdırır, naxış qoyur. Sən sözün fəlsəfəsinə bax. İnsanın ömür-günü naxış olur. Zaman taleyə həvə kimi naxış vurur. Dünyada qalan nədir? Heç nə.

– Sizi bir neçə filmdə aktyor kimi də görürük.

– Mən beş filmdə varam. “Gecə qatarında qətl”də aktyor kimi xırda epizodda oynamışam. Əslində, orada baş rolda olacaqdım, elə oldu ki, baş rolda başqasını çəkdilər. Ancaq o balaca epizod filmdən maraqlıdır. 1973-cü ildə “Qatır Məmməd”də oxumuşam, heç onda tanınmırdım. On il sonra, 1983-cü ildə “Qaçaq Nəbi” filmində oxumuşam. Rejissor mənə dedi ki, Nəbinin əlində saz olacaq, aşıq kimi oxumaq lazımdır. Bir də aşıq çağırmayaq. Mən də həmin hissəni müğənni kimi yox, aşıq kimi oxudum. Heç çox adam da bilmir ki, onu mən oxumuşam. “Qara Volqa”  və “Şahid qız” filmlərində də səsim var.

– Bəs nə əcəb sonralar özünüzü aktyor kimi sınamadınız?

– Müğənni adamam, bəs edir də. Ümumiyyətlə, təsadüfdən düşdüm bu sənətə. Nəslimizdə bu sahədə xidmət edənlər olmayıb, amma yaxşı səsləri olub, qardaşım uşaqları da məndən sonra bu sahəyə gəliblər. Mən heç istəmirdim ki, müğənni olum. Düzdür, uşaqlıqdan məktəb şənliklərində, konsertlərdə oxuyurdum. Əsgər gedib-gələndən sonra istəmirdim bu sənəti, ancaq yenə gəldim, sonra yenə atdım.

 – Bəs onda nə işlə məşğul olursunuz?

– Bizneslə məşğul oldum. Doxsanıncı illərdən danışıram. Sonra Ulu öndər dedi ki, Niyaməddin hardadır, onun yaxşı səsi var. Cavab veriblər ki, Niyaməddin bizneslə məşğul olur. Ulu öndər də deyib ki, Niyaməddin oxumalıdır.

– ” Qərənfil güllər” mahnınızı mənim üçün oxuya bilərsinizmi?

– (Oxuyur) Deyirsən, eşqinə inanım sənin,

Bütün ümüdümü sənə bağlayım?

Dodağında, sinəndə bir iz görəndə

Necə saxta eşqə könül bağlayım.

Sənin qəlbində iki məhəbbətin var.

Birində qışdır, birində bahar.

Görmüsənmi qışla bahar birləşə, Birləşsə kainat od tutub yanar. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə bu mahnını dinləyəndən sonra dedi ki, nə yaxşı o ifadə ağlına gəlib. Fəsillərin qarşılaşması ilə dünyanın dağılmasını vurğulamısan. Dedim, mən şair deyiləm, sözdür gəlib. Əgər sən nəğmə yazırsansa, ancaq şeiriyyatı başa düşmürsənsə, yazdığın heç nə olar, heç nə. Əfsuslar olsun ki, hər şey öz yerini tapa bilmir. Musiqinin fəlsəfəsi böyükdür.

– Əgər orada kədər də varsa…

– Kədər ülvidir. Sən o kədəri anlamasan, həyatda heç nəsən. Sevinc var, buna söz yoxdur. Lirik mahnılar insanın kədərə qərq etsə də, insanı təmizləyir. Mənim də əksər nəğmələrim lirikdir.

– Bir də ritmik nəğmələriniz var. Ümumiyyətlə, necə oldu ki, fərqli tərzdə özünüzü sınamaq qərarına gəldiniz?

– O vaxtlar toylarda Avropa mahnıları oynayırdılar, mən də düşünürdüm ki, bizim də belə mahnılarımız var, ancaq ritm vermək lazımdır. Məsələn, “Ay qız, sən oyna, incə bel oynasın”ı  nağara ilə ifa edirdilər, əmələ gəlmirdi,  ritm bloklarını gətirməklə bir hərəkət yarandı. Bu da “Röya” ansamblında oldu. Yeni oranjemanlar, səslənmələr gəldi. Məsələn,1978-dən qabağa yazılan nəğmələrə bax, ondan sonra yazılanlara bax. Hamı bu səpkidə nəğmələr yazırdı.

– Bir az da bu gündən danışaq. Bildiyim qədərilə sağlam həyat tərzi sürürsünüz.

– İnsan özü harınlayanda bədəni də harınlayıb nəzarətdən çıxır. Ona görə də, mən idmanla həmişə məşğul olmuşam, indinin özündə də trenajora gedirəm.

– Futbola baxırsınız? Oyununu bəyəndiyiniz komanda varmı?

– Hə. “Qarabağ” yaxşı oynayır.

 – “Qarabağ”  “Gent” oyununa baxdınızmı?

– Yox, təəssüf ki, baxa bilmədim.

 – Niyaməddin müəllim, heç kimin olmayan bu dünyadan razı qaldınızmı?

– Çox razı qaldım, çox. Dövlətimizə minnətdaram. Mənim illərlə çəkdiyim zəhmətimi qiymətləndirib. Prezident təqaüdü ilə təmin olunmuşam. Maddi cəhətdən bu, mənə böyük dəstəkdir. Xalq tərəfindən sevilmişəm. Bundan gözəl nə ola bilər ki? Nə olmalıdır. Bayaq fikir verdinsə, liftə minəndə bir uşaq gəlib bizə baxdı. Ona kənardan dedilər ki, bu? Niyaməddindir (gülümsəyir). Nə qədər mahnı oxumuşamsa, hamısı sevilib.  Bir də həyatda çalış, səmimi insan ol, xeyirxah adam ol. Mən o cür yaşamışam. Biz iki qardaş olmuşuq. Anamız bizi əziyyətlə saxlayıb. O əziyyəti biz görmüşük. Əziyyət görməyən adam duyğulu ola bilməz. Məni bir ömür yaşadan sizlərsiniz./525.az