“Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz?” –   Oğlundan şikayətbackend

Mədəniyyət Nazirliyi mərhum əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfovun ittihamlarına cavab verib.

“Yeni Gündəm” xəbər verir ki, B.Əşrəfovun oğlu sosial şəbəkə hesabında bildirib ki, nazirlik atasının ölümünə görə ailəsinə baş sağlığı verməyib:

“1971-ci ildən bəri sevilərək xalqın sevgisini qazanan və o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, bircə Mədəniyyət Nazirliyindən başqa…

Düz 50 il peşəkar sənətdə oldu. Ən azından Əməkdar artist adını alıb. Halbuki, başqa Əməkdar artist adı alanlara rəsmi qaydada başsağlığı verildi. Bəs niyə Baloğlan Əşrəfova eyni qayda da baş sağlığı verilmədi? Onsuz da sağlığında onun halalca adını, layiqli qiymətini ona vermədiniz. Halbuki xalq o adı ona çoxdan vermişdi. Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz?

Baloğlan Əşrəfovun qiymətini zamanında maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. Baloğlan Əşrəfov dünən sənətə gəlməyib, 50 il bundan öncə senzuralar keçə-keçə gəlib.

Mədəniyyət Nazirliyi bu qədərmi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir?!”

Mövzu ilə əlaqədar Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə bildirib ki, ittihamlar əsassızdır:

“Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib. Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dəfn edilib.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən Əməkdar artistin vəfat etməsi böyük kədər hissi ilə qarşılanıb, nekroloq verilib, ictimaiyyətə bu barədə məlumat nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə təqdim edilib”.

Xatırladaq ki, B.Əşrəfov koronavirus (COVID-19) səbəbindən vəfat etmişdi.

Lent.az