Növbəti həftə karantin qaydaları yenidən yumuşaldılacaq – AÇIQLAMAbackend

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Bu həftə növbəti yumuşalma ola bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son dövrlər dövlət karantin rejimində müəyyən yumşalmalara gedir:

“Burada əsas faktor gündəlik yoluxmaların sayında azalmaların olması ilə bağlıdır. Düzdür, arada az da olsa artım müşahidə olunur, dinamika dəyişir. Biz çalışmalıyıq ki, müsbət dinamika davam etsin və yoluxanların sayı artmasın. Çünki məktəblər açılmaq ərəfəsindədir. İbtidai siniflər üçün dərslər ənənəvi olacaq.

Təbii ki, biz istəyirik tək ibtidai deyil, yuxarı siniflər üçün də dərslər ənənəvi qaydada keçirilsin.Çünki ölkənin gələcəyi üçün təhsil önəmlidir. Bu baxımdan da biz elə etməliyik ki, bizim gələcəyimiz olan uşaqlarımız təhsilli olsunlar. Bundan başqa iri ticarət mərkəzləri hələ də açılmayıb. Toy, yas və insanların kütləvi şəkildə toplaşdığı mərasimlərin, tədbirlərin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir. Bunlara icazə verilməsi məsələsi yoluxanların dinamikasından asılıdır. Ona görə də vətəndaşlarımız Operativ Qərargahın qoyduğu qaydalara əməl etməli, qapalı məkanlarda sosial məsafəni qorumalı və maska taxmalıdır. Bu mütləqdir. Hesab edirəm ki, yoluxanların sayında azalma dinamikası davam edərsə növbəti yumşalmalar olacaq. Çünki bu iqtisadiyyatımız, gələcəyimiz və təhsilimiz üçün çox vacibdir”.