O, bugünkü qüdrətli Azərbaycanın banisidirbackend

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən xarici qüvvələrin məkrli oyunları və mənfur qonşuların torpaqlarımızı işğal etməsi, digər tərəfdən də düşmən dəyirmanına su tökən xain və səriştəsiz qrupların fəaliyyəti nəticəsində ölkədə hakimiyyət böhranı son həddə çatmış, respublikanı bürümüşdü. Son nəticədə Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq, nəinki müstəqilliyini, bəlkə də, mövcudiyyətini itirmək təhlükəsi qarşısında dayanmışdı”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

O qeyd edib ki, belə bir həlledici anda Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərə bildi və ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət kimi Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü:

“Respublikanın o dövrdəki rəhbərliyi cəmiyyətin təzyiqi qarşısında davam gətirməyərək xalqın xilaskarını Bakıya dəvət etməli oldu. 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. 1993-cü ilin 15 iyun tarixində isə xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Beləliklə, 1993-cü il 15 iyun tarixi xalqımızın, dövlətçiliyimizin qurtuluş gününə çevrildi və həmin gündən Azərbaycan zirvələrə, bugünkü zəfərimizə doğru çətin, mübarizələrlə dolu yoluna qədəm qoydu. Bu gün
Azərbaycanın xaosdan, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa qovuşmasının əsasının qoyulduğu gündür. Tarixə nəzər salsaq, aydın görərik ki, məhz bu gündən etibarən Azərbaycan xalqı addım-addım irəliləməyə, doğru seçimlər etməyə başlayıb. Bunun daha bir göstəricisi 1993-cü il 24 iyun tarixində Milli Məclisdə Prezident səlahiyyətlərinin Ali Sovetin sədri, xalqın xilaskarı Heydər Əliyevə verilməsi haqqında qərar qəbul edilməsi olub. Ümummilli liderin hakimiyyətə qayıtdığı ilk günlərdən dövlətin idarə edilməsində aşkarlıq prinsiplərinə üstünlük verilib, ölkədə parlament ənənələrinə hörmətlə yanaşılmağa başlanıb, ölkədəki gərginlik tədricən aradın qaldırılmış, mənfur düşmənin hücumlarının qarşısı alınıb.

Xalqımızın ümummilli lideri Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildiyi tarixi iclasdakı çıxışı zamanı Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, xalqının rifahı uğrunda çalışmağı özünün əsas vəzifəsi hesab etdiyini bildirmişdi. Xalqın böyük oğlu, ulu öndər həmin tarixi iclasda demişdi: «Azərbaycan Respublikasının dövlət  müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında,  müasir tələblərlə, dünyada  gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Bu gün geriyə nəzər saldıqda əminliklə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illər Azərbaycanın çiçəklənmə dövrü kimi qiymətləndirilə bilər. O, bugünkü qüdrətli Azərbaycanın banisidir. Ancaq bunlar nəyin bahasına, hansı çətinliklər, gərgin iş və müdrik qərarlar sayəsində əldə edilmişdir – bunu yalnız o böyük şəxsiyyət bilirib”.