“O gözəl torpaqlara qovuşacağımız gün də uzaqda deyil” – Generalbackend

Ali Baş Komandan Ilham Əliyevin xalqın ürəyinin dərinliklərinə nüfuz edən silsilə açıqlamaları məmləkət insanını qürurlandırmaqla yanaşı qələbəyə olan inanmı artırıb. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, ehtiyyatda olan tibb xidmət general-mayoru Natiq Əliyev də hamı kimi sevinc və fəxarət hissi içərisində olduğunu deyir. Moderator.az-a açıqlamasında general bu gün Silahlı Qüvvələrimizin döyüş meydanlarında, Ali Baş Komandanın diplomatik və siyası müstəvidə sərgilədiyi barışmaz mövqeli hücum strategiyasından xeyli duyğulandığını bildirdi: “Şanlı ordumuz bizi qələbələri ilə sevindirməkdədir və inşallah tezliklə silahlı qüvvələrimizin qələbə sorağının bütün işğal altındakı torpaqlarımızdan gələcəyinə inamımız yaranıb. Ali Baş Komandanımızın misilsiz sərkərdəlik məharəti, milləti yumruq kimi birləşdirməyi bacarması, ölkəni müqəddəs vətən müharibəsinə kökləməsi xüsusilə qürurvericidir. Cənab prezidentin fitnəkar Ermənistanın xəstə təfəkkürlü baş nazirinin atəşkəs yalvarışlarına və güzəştlərə hazır olmasına əhəmiyyət verməməsi, Azərbaycanın öz halal haqq və hüququndan bir addım da geri çəkilməyəcəyi barədə səsləndirdiyi qətiyyətli bəyanatlar bu dövlətin və məmləkətin etibarlı əllərdə olduğunu bir daha dostlarımıza da, düşmənlərimizə də göstərdi.

Bizlər ehtiyyatda olsaq belə Ali Baş Komandanın əsgərləriyik və təkcə şəfalı əllərimizlə deyil, canımızla-qanımızla bu vətən üçün savaşmağa, öldürməyə və şəhid olmağa hazırıq. Bu vətən savaşında hamımız onun ətrafında olmağımızdan qürur duyuruq və inşallah ən qısa zamanda işğala son qoyacağına inamımız sarsılmazdır.

Ermənistan döyüş meydanlarındakı fiaskosunun qisasını mülki obyektlərimizdən və vətəndaşlarımızdan almaqla, qadağan olunmuş silahları tətbiq etməklə bir daha mənfur xislətini ortaya qoyur. Amma Ali Baş Komandan onların fitnəsini və məkrli niyyətlərini bildiyindən bəhanələrə yer qoymur. Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ bizim əbədi və əzəli yurdumuzdur, Qarabağ Azərbaycandır. O gözəl torpaqlara qovuşacağımız gün də uzaqda deyil.”