“O kateqoriyadan olanlar “iş yoxdur” bəhanəsinin arxasında gizlənmirlər” – Deputatbackend

“Avtomobil sürücüləri motosikletlə yemək paylayanların yolda mütəmadi təhlükə yaratdığından gileylənirlər. Doğrudur, yolda bəzən təhlükə yaradırlar, amma bəs cəmiyyətdə necə? Bu şəxslər, əslində, ən böyük hörmətə layiqdirlər. Küçədə-bacada, çayxanalarda, yollarda, məhəllələrdə yüzlərlə avaralanan gənc görəndə nə deyirik? Ölkədə məşğulluq problemi böyük ölçüdə mövcud olsa da, zəhmətə qatlaşmağa meyilli olmayanlar da az deyil”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, məhz həmin kateqoriyadan olanlar halal zəhmətlə gündəlik ruzisini qazanırlar: “Maddi çətinliklərə, ailə-uşaq problemlərlərinə baxmayaraq, “iş yoxdur” bəhanəsinin arxasında gizlənmirlər, mümkün olan işin qulpundan yapışırlar. Ona görə də belələrini təhqir yox, təqdir etmək lazımdır. Yolda təhlükə yaradanları yola vermək olar. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə tüfeyli kimi təhlükə yaradanların törətdiyi qəzalar daha ağır nəticələr doğurur”.