“O vaxt atılan addımlar bu gün imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq” – Dövlət başçısıbackend

Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır.

“Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir: “Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq”.

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir: “Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək”.