Obyektiv siyasi həqiqətbackend

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.

İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkənin inkişafında dönüş yarandı. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin – keçid dövrünün əsası qoyuldu.

Keçid dövrünün ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycanın hərbi təcavüz, daxili çəkişmələr, iqtisadi tənəzzüllə üzləşdiyi bir vaxtda iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Belə ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM-in istehsalında artım əvəzinə hər il azalma müşahidə edilirdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi xeyli yüksəlmişdi. Həmin dövrdə maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta – manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin yeni prioritetini təşkil etməkdədir.

Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verəcəkdir. Eyni zamanda xarici investorların iştirakı ilə istehsalyönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, ixracyönümlü məhsul istehsalının artımına şərait yaradacaqdır. Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondunun bu istiqamətdəki fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

Talıbzadə Fatimə

Nəsimi rayon təhsil işçisi