Ölkə teatrları qapılarını yenidən tamaşaçıların üzünə açırbackend

Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra bu gündən teatrlar qapılarını tamaşaçıların üzünə açır.

“Yeni Gündəm” xəbər verir ki, bu məqsədlə artıq bir sıra teatrlarda cari repertuarlarda olan tamaşaların məşqlərə başlanılıb və mədəniyyət ocaqları tamaşaçıları qəbul etməyə hazırlaşır.

112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrı bu gündən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.

Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verib. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun BizZ” tamaşasının (M.Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında, rejissor – Mikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.

Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşən “Dovşanın ad günü” (uşaqlar üçün) olacaq.

Bakı Uşaq və Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar və böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 Noyabr – Zəfər Günündə açacaq.

Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.

Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq. “Xeyir və Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli” və “Bremen musiqiçiləri” adlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.

Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmiş “Günahsızlar” tamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.

Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində iş aparılır. “Leyla” adlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin də məşqləri davam etdiriləcək.

Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün Abdulla Qurbaninin “Çingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.

Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabr və noyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.

Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel Çapekin “Ana” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olan “Ana”ya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.

Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissor – Allahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissor – Musa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.

Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel Çapekin “Ana” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.

Ayşən Rəhim