Ölkəmiz postmünaqişə dövründə çoxsaylı uğurlar əldə etmişdir – Ülviyyə Ağayevabackend

Azərbaycanın əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərdə ən qısa zamanda quruculuq işlərinin aparılması, həmvətənlərimizin öz doğma torpaqlarına qayıtmasıdır.

Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Azərbaycan həm hərbi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoydu. Ölkəmiz artıq post-münaqişə dövründə də çoxsaylı uğurlar əldə etmişdir.

2021-ci il iyun ayının 15-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan və Türkiyə dövlət başçıları arasında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkə ilə aramızdakı müttəfiqlik münasibətlərini rəsmiləşdirərək yeni səviyyəyə yüksəltdi. Azərbaycan-Türkiyə birliyinin növbəti təsdiqi hesab olunan bu bəyannamə təkcə iki ölkə üçün deyil, eyni zamanda region və dünya üçün də böyük əhəmiyyət kəsb edir.

İlk növbədə, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə həm sözdə, həm də əməldə bir olduğunu bütün dünyaya bəyan etdi. Digər tərəfdən, bu tarixi sənəd həm regional, həm də qlobal əməkdaşlığa öz töhfəsini verir. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Şuşa Bəyannaməsi dünyaya mesajdır”.

Həqiqətən də, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əməkdaşlığı rəsmi şəkildə müttəfiqlik mərhələsinə qədəm qoydu. Bu müttəfiqlik bəyannamənin bir çox müddəalarında öz əksini tapmışdır. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı, Qarabağın quruculuğunda birgə fəaliyyət, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, informasiya müharibəsində birgə addımlar, diasporların birgə fəaliyyəti və s. bu müddəalara aiddir.

Güclü ordunun yaradılması uzun illər boyu Azərbaycanın dövlət siyasətinin əsas prioriteti olmuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın düşmən üzərində qələbə çalması üçün bu illər ərzində güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycanın işıqlı gələcəyinə hesablanmış siyasi xəttin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz qarşısına qoyduğu bu məqsədlərə nail oldu. Qüdrətli Azərbaycan ordusu, qəhrəman Azərbaycan övladları torpaqlarımızı mənfur düşmənin işğalından azad etdilər.

Onu da vurğulmaq lazımdır ki, Qarabağ uğrunda şəhid olanların böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, Vətəni canlarından artıq sevən insanlar idilər.

Hazırda Azərbaycanın əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərdə ən qısa zamanda quruculuq işlərinin aparılması, həmvətənlərimizin öz doğma torpaqlarına qayıtmasıdır. Lakin ermənilərin Qarabağ ərazisində yüz minlərlə mina basdırması ərazilərdə bərpa və quruculuq işlərini çətinləşdirir, mülki əhalinin təhlükəsizliyinə təhdid yaradır.

Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak olmuş və ya ağır yaralanmışdır. Eyni zamanda, Ermənistan müharibədən sonra da bu torpaqlara minalar yerləşdirmişdir. Kəlbəcərdə yeni basdırılmış mina partlamış, bunun nəticəsində iki jurnalistimiz həlak olmuşdur.Ermənistanın törətdiyi bu mənfur əməl səbəbindən, hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir.

Cənab Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda bu məsələni xüsusilə qeyd etmişdir: “Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Azərbaycan Ermənistana 10-20 gün arası vaxt verdi ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər”.

Post-münaqişə dövründə də Azərbaycanın yürütdüyü siyasətin əsas tərkib hissələrindən biri əməkdaşlıq və iqtisadi inkişafdır. Ancaq onu da qeyd etmək lazımdır ki, təhlükəsizlik olmadan, əməkdaşlıq və iqtisadi inkişafdan söhbət gedə bilməz. Buna görə də regionun təhlükəsizliyi inkişaf üçün ən mühüm amillərdəndir. Azərbaycanın bügünkü iqtisadi fəaliyyəti də məhz davamlı sabitlikdən qaynaqlanır.

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı