Ombudsman Aparatı sığınacaqda uşaqlara əzab verilməsi faktına münasibət bildirdibackend

Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib.

“Yeni Gündəm” xəbər verir ki, ombudsman Aparatından bildirilib ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub:

“Məlum olduğu kimi Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru fəaliyyər göstərir. Muvəkkil uşaq hüquqlarının təmini məsələsinə xüsusi həssaslıqla yanaşır və hər hansı müraciət daxil olduqda buna dərhal reaksiya verilir. Müracətlər əsasən uşaqların özlərindən, valideynlərindən, yaxınlarından, vəkillərindən daxil olur. Həmin müraciətlərə dərhal reaksiya verilməklə araşdırılır və müvafiq qaydada təmini məsələsi aidiyyatı dövlət qurumları qarşısında da qaldırılır. Usaqların ən ümdə maraqlarının təmin edilməsi hər kəsin, hər bir qurumun ümdə vəzifəsi olmalıdır”.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sevgi Evi” qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan C.M.-nın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.