Ömrün Səidə zirvəsi… – Nicat Dilqəmli yazırbackend

Məktəb illəri hər kəsin ömründə unudulmaz, ifadəolunmaz şəkildə iz qoyur. Elə bir iz ki, hər yada düşdükcə insanın sarı siminə toxunur.

Çünki hər bir şagirdin lap aşağı siniflərdən formalaşdığı bir ocaqdır məktəb. Həmin ocağın müqəddəsləri – müəllimlər bizə yalnız yazmağı, oxumağı yox, həm də insan olmağı, həyatda yaşamağın necə olduğunu zaman-zaman öyrədiblər. Bəzən onların xətrinə də dəymişik, lap küsdürmüşük də. Amma onlar bu müqəddəs missiyalarını səbrlə, yüksək iradə ilə sona qədər davam etdiriblər. Davam etdiriblər ki, biz – şagirdlər oxuyaq, təhsilli olaq, həyatımızı cahil, nadan olaraq davam etməyək.

Axı müəllim yanan bir şama bənzəyir. O şam özü yana-yana əriyir, yaşlanır, bəzən ağrıyır, amma şagirdlərin yoluna daim işıq saçır, onlara yol göstərir. Yeri gələndə öz oduyla soyuyan qəlbləri isitməyi, şagirdlərinə qayğı, diqqət göstərməyi də bacarır müəllim.

Həmin müəllimlərdən biri də bizim Səidə müəllimdir. O, Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə çalışır.

Səidə müəllim bütün şagirdlərinə öz balası, doğması kimi yanaşır, onlarla bir yerdə gülməyi də bacarır, ağlamağı da.

Məktəbə ilk qədəm qoyduğum andan Səidə müəllimin bütün məktəb qayğılarını öz çiyinlərində daşıdığını gördüm və bu, beləcə davam etdi. Gün keçdikcə o, daha böyük həvəslə, ruh yüksəkliyi ilə təhsil sahəsindəki xidmətlərini artırdı.

Çünki bu, ona Tanrı tərəfindən verilən müqəddəs missiya idi. Onun fəaliyyətini başqa cür ifadə etmək çətin olardı mənim üçün…

Və Səidə müəllim bütün ömrünü həsr etdiyi bu yolda elə bir zirvəyə qalxdı ki, o zirvəyə pir də demək olar, ocaq da… Amma hər nə qədər ucaldısa, bir o qədər da sadə, mehriban, daha da qayğıkeş oldu…

Bu gün o zirvənin 65-ci pilləsinə ilk addımını atdı Məmmədova Səidə Əhməd qızı.

Qədəmləri mübarək olsun, müqəddəs insan, kitab insan, məktəb insan!

Nicat Dilqəmli.