On altı yaşı olanda zorla qaçırıldı, onu ərindən ayıran qadını evində saxladı, oğlu faciəli şəkildə öldü – Əməkdar artist haqqında bilmədiklərimiz…backend

Kulis.az aktrisa, Əməkdar artist Kübra Əliyeva haqqında maraqlı faktlar əldə edib.

“Yeni Gündəm” həmin araşdırmanı təqdim edir:

Əliyeva Kübra Ağa qızı 5 yanvar, 1950-ci ildə Gəncə şəhərində anadan olub. Uşaqlıqdan mütaliəyə və incəsənətə maraq göstərən qızcığaz pionerlər evində dərnəyə yazılır. Hər gün məşqlərə gedir, səhnəciklərdə çıxış edir. Evə gələndə isə anasının gecə köynəklərini, tül pərdələri əyninə paltar kimi bürüyüb mahnılar oxuyur, dövrün məşhur müğənni və aktrisalarını imitasiya edir. Aktrisa öz uşaqlığı haqqında belə deyir:

 

 “Ailədə doqquz uşaq idik. Atam tarix müəllimi idi, külfət çox olduğundan çörəkçi işləyirdi, Gəncədə ona çörəkçi Ağa deyirdilər. Anam da evdar qadın idi, uşaqlar çoxaldıqca otuz il aşpaz işlədi. Balaca olanda anamla atam teatra gedərdilər və özləri ilə məni də aparardılar. Məni teatra bağlayan həmin tamaşalar idi. Bir də çoxlu ədəbiyyat oxuyurdum. Dördüncü sinifdə oxuyanda Teodor Drayzerin “Cenni Herhard”, “Dahi” əsərlərini oxumuşdum. Soruşsanız ki, Kübra xanım, nə zamansa oğurluq etmisən, cavab verəcəm ki, hə, etmişəm. Çoxlu kitab oğurlamışam”.

***

16 yaşı olanda Kübra xanımı özündən iyirmi yaş böyük olan bir kişi qaçırır. Bu kişidən onun bir qızı və bir oğlu dünyaya gəlir. Ancaq tale elə gətirir ki, aktrisa həyat yoldaşından ayrılıb Bakıya köçməli olur. Həmin ərəfədə Sumqayıt Dram teatrına işləməyə gələn aktrisa məcburiyyət qarşısında qalıb övladlarını uşaq evinə verməli olur. Ancaq ev alandan sonra onları öz yanına gətirir.

Kübra xanım özündən on yaş böyük Şamil adlı bəylə ailə qurur. Bu evlilikdən onun Ayaz adlı oğlu dünyaya gəlir. Ancaq bir neçə ilə sonra cütlük yollarını ayırır. Buna səbəb isə Şamil bəyin Kübra xanımı başqa bir qadınla aldatması olur. Bu xəbəri isə aktrisaya elə həmin qadının özü verir. Onun əri ilə münasibəti olduğunu deyir. Həyat yoldaşından ayrılan Kübra xanım Bakıya köçür. Şamil bəy yeni ailə həyatı qurur. Ancaq onları ayıran qadına Kübra xanım sonralar bir çox məsələlərdə xeyli yardım edir, hətta onu bir müddət evində də saxlayır.

Bir müddət Gəncə teatrında paltar ütüləyən işləyən Kübra xanım sonradan evlərindən qaçıb Bakıya gəlir. İncəsənət universitetinə daxil olur. Akademik Milli Dram teatrında işləməyə başlayır. Ancaq iş elə gətirir ki, onun arzuları bu teatrda reallaşmır. Aktrisa Sumqayıt Dövlət Dram teatrına yollanır. Burada işlədiyi dövrlərdə “Anam gəldi”, “Solğun çiçəklər”, “Gözün aydın”, “Qızıl toy”, “Sonqulunun sərgüzəştləri”, “Dişi canavar”, “Hökmdar və qızı”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Ah, Paris… Paris!..”, “Eloğlu”, “Analar”, “Sabiqlər”, “Sonuncu məhəbbət” kimi tamaşalarda koloritli obrazlar canlandırır.

***

Üç övladı olan Kübra xanım onları böyüdüb başa çatdırır, ailə sahibi edir. Xoş günlərini görməyi arzulayır. Amma iş elə gətirir ki, onun böyük oğlu ən dəhşətli bəlaya – narkotikaya qurşanır. Bunun üstündə o, bir neçə dəfə məhkum olunur. Aktrisa oğlu üçün əlindən gələni etsə də, onu xilas edə bilmir. Günlərin birində aktrisanın oğlu Rauf dünyasını dəyişir. Xalq artisti bu barədə müsahibələrinin birində deyir:

“Bala dərdi ağırdı. Nə yaxşı ki, Allah mənə soyuqluq verdi və bu dərdə dözdüm. Onun dərdindən xərçəng xəstəliyinə tutuldum. O bu dünyada yaşaya bilmirdi. Uşaq vaxtı oğlum Raufu iki dəfə məndən almaq istədilər. Sumqayıtda bir ailə var idi, uşağı olmurdu. Deyirdi ki, ver biz saxlayaq. Bağçaya qoymuşdum, müdiri mənə yalvarırdı ki, ver saxlayım, sən get oxu. Uşağımı ordan qaçırdım. Üç balama da eyni tərbiyəni vermişəm. Bəzən deyirlər, qudurmuşluqdan pis yola düşüb. Heç vaxt artıq pulum olmayıb. Uşağımı zəhərləyiblər. Həmişə Raufa ölüm arzulayırdım. Onun mənə sön sözü bu oldu: “Ana, tarixi geri döndərmək olsaydı… Sən mənə həyat verdin, mən sənin həyatını məhv etdim”. Ondan sonra dili tutuldu. Mən ona kömək etməmişəm. O, həbsdə olanda mən azadlığa çıxırdım, azadlıqda olanda elə bil mən həbs olunurdum. Orda olanda arxayın olurdum, yeməyini, içməyini yollayırdım, onu yaşadırdım. O, həbsdə olanda, onun gözlərinin içi səma kimi tərtəmiz olurdu. Həmişə Allahdan istəyirdim ki, Raufu məndən əvvəl al. O mənsiz yaşaya bilməz. Allah bu istəyimi yerinə yetirdi”.

***

Aktrisa baş verən hadisələrə dözsə də, orqanizmi tab gətirmir. Günlərin birində o, xərçəng xəstəsi olduğunu öyrənir. Aktrisa müsahibələrinin birində bu barədə deyir:

“Teatrdan getdim, yaxşı da ki getdim. Özümü yaxşı hiss eləmirdim. Tez-tez səhnədə, qrim otağında ürəyim sıxılırdı. Ürəyimdən şübhələnirdim. Bütün kardeoloqları gəzdim. Türkiyəyə getmişdim, orda soyuqladım, həkimə getdim, rentgen etdilər və mənə dedilər, bir məsələdən şübhələnirik. Bütün aparatlardan keçdim və bəd xəbər gəldi. Mənə dedilər, xərçəng xəstəsiyəm. Amma orda yox, burda – vətənimdə əməliyyat olunmaq istədim. Sayğı ilə yanaşdılar bu qərarıma. Əməliyyat olundum, kimyaterapiyalardan keçdim. Həkimlərdən xahiş etdim ki, mənim əməliyyatım haqda heç kim bilməsin. Saçlarım töküldü. Çox dəhşətli prosedurlar idi. Amma mən onların hamısına səbirlə dözdüm”.

***

Kübra Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür.