Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidirbackend

Azərbaycan təhsilində olan bugünkü problemlərin aradan qaldırılması, inkişaf  etdirilməsi, yeni, müasir vasitəslərin təhsildə tətbiqi üçün ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığa geniş yer verməsi vacibdir. Hazırda Azərbaycanda tələbələrin, şagirdlərin, gənc mütəxəssislərin beynəlxalq mübadiləsi ilə yanaşı, digər istiqamətlərdə də əməkdaşlıqlar genişləndirilməkdədir.

Azərbaycan mütəxəssislərinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almaları, müəyyən kurslar keçmələri ölkə gənclərinin təhsilində – öyrənməkdə olan gənc nəslin bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərməkdədir.

Təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda  həm orta təhsilin, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır.

Hazırda Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir.

Azərbaycan Təhsil Nazirliyi ölkəmizin savadlı gənclərinin dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrdə təhsil almalarını həm dövlət, həm də özəl üsullarla təmin edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 19 oktyabr 2006-cı il tarixdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” və 16 aprel 2007-ci il tarixində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrədə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamlar imzalayıb.

Təhsil Nazirliyinin məlumatına görə, bu Proqram çərçivəsində 500-dən artıq azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alırlar. Bu isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və digər qabaqcıl təhsil sistemlərinin Azərbaycan təhsili ilə keyfiyyətli əməkdaşlığının nümunəsidir.

Proqram çərçivəsində 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.

Hazırda hər il dövlət xətti ilə Azərbaycan gəncləri partnyor ölkələrin təqaüd proqramları hesabına Rusiya, Çin, Misir, Çexiya, Slovakiya kimi ölkələrdə təhsil almağa göndərilirlər (Son beş ildə dövlət xətti ilə təqribən hər il 200 tələbə).

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq çərçivəsində yalnız Azərbaycan gəncləri xaricdə deyil, dünyanın müxtəlif ölkələrindən olan tələbələr də ölkəmizə gələrək, burada təhsil alırlar. Bu isə Azərbaycanda təhsilin səviyyəsinin gündən-günə daha da inkişaf etməsindən xəbər verir. Azərbaycanın ali məktəblərində 50-ə yaxın ölkədən 6795 nəfər əcnəbi tələbə təhsil alır. Belə bir nəticə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabit və sağlam mühit sayəsində əldə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli Sərəncamı ölkəmizdə Bolonya prinsiplərinin uğurla həyata keçirilməsinə daha əsaslı zəmin yaradıb.

Əgər əvvəllər Azərbaycanın təshil sənədləri dünya ölkələrində çox az tanınırdısa, hazırda demək olar ki, dünyanın bütün ölkələrində Azərbaycanın təhsil sənədləri tanınır.

Hazırda Azərbaycanda beynəlxalq təhsil-mübadilə təşkilatları və onların həyata keçirdiyi proqramlar fəaliyyət göstərirlər. Bunlardan ABŞ-ın ACCELS (Amerika Təhsil Şurası), IREX, World Learning, Böyük Britaniyanın British Counsil, Almaniyanın DAAD təşkilatlarının Bakıdakı nümayəndəliklərini göstərmək olar. Onlarla yanaşı, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşa və s. ölkələrin Bakıdakı səfirlikləri tərəfindən təqaüd proqramları elan olunur. Say baxımından ABŞ və Almaniyada həyata keçirilən təqaüd proqramları daha çoxluq təşkil edir.

Bütün bunlarla yanaşı, Azərbaycan orta məktəb təhsili sahəsində də uğurlu beynəlxalq əməkdaşlıqlara imza atır. Belə ki, dünyanın ən qabaqcıl təhsil sisteminə malik ölkələri öz şagirdlərini Azərbaycanda ənənəvi olaraq təşkil olunan orta məktəb şagirdləri arasında beynəlxalq olimpiadalara göndərirlər. Xarici ölkə nümayəndləri ölkəmizdə təşkil olunmuş bu olimpiadaların yüksək səviyyəli olduqlarını, belə tədbirlərin şagirdlərin təhsil həyatında önəmli olduğunu qeyd edirlər.

Azərbaycan şagirdləri də, həmçinin, xarici ölkələrdə təşkil olunmuş beynəlxalq olimpiadalarda uğurla iştirak edirlər. Bunun bariz nümunəsi olaraq bir neçə həftə öncə Türkiyədə keçirilmiş “Uluslararası Türkcə Olimpiatları” adlı beynəlxalq olimpiadanı göstərmək olar. Ankaraya yarışlarda iştirak etmək üçün yollanmış Azərbaycan şagirdlərindən, demək olar ki, hamısı vətənə medallarla qayıdıblar. Belə ki, Türkiyədə beynəlxalq olimpiadaya qatılmış şagirdlərimiz 16 medal qazanaraq (5 qızıl, 8 gümüş, 3 bürünc medal) dünya ölkələrini heyrətləndiriblər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanda xarici ölkələrin ali və orta məktəbləri də fəaliyyət göstərir. Onlar həmin təhsil ocaqlarında sırf  öz ölkələrinin təhsil sistemi əsasında dərslər keçir və yüksək ixtisaslı kadrlar hazırlayırlar.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycanın da artıq bəzi xarici ölkələrdə təhsil ocaqları var. Həmçinin, bəzi xarici ölkələrin ali məktəblərində Azərbaycanşünaslıq və Azərbaycan dili ixtisasları da mövcuddur.

Beynəlxalq əməkdaşlıq ölkənin təhsilinə ancaq yenilik, novatorluq, inkişaf gətirir və Azərbaycan da bu inkişafdan kənarda qalmayaraq, daim daha yüksəklərə can atır.

Azərbaycanla İtaliya arasında əlaqələr son illər sürətlə inkişaf etməkdədir və siyasi dialoq olduqca fəaldır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması bu fikri bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya növbəti uğurlu səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərdə bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparıldı.

İkitərəfli əlaqələrdə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək, Azərbaycan təhsilinin inkişafına töhfə verəcək.

İkitərəfli əlaqələrdə digər önəmli bir istiqamət enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan İtaliyanı neftlə təchiz edən əsas ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində işləməyə dəvət edən ilk ölkə oldu və Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Bu qısa müddətdə əldə edilmiş mühüm nailiyyətdir.

Hazırda Dünyada baş verən müxtəlif hadisələr səbəbindən dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qazın nəqli planlaşdırılır. Ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.

Heç şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji ölkəmizin resurslarının daha da inkişaf etdirilməsi istiqamətində çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyət üçün yol xəritəsidir.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.

Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Ölkəmiz hər zaman müxtəlif ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Dövlətimizin hər zaman öz müstəqil siyasəti olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Artıq 30 ildir ki, ölkəmiz müstəqildir və Azərbaycan vətəndaşları əbədi olaraq müstəqil yaşamaq istəyirlər. Azərbaycan bu gün artıq sabit siyasi mövqeyə və iqtisadiyyata malikdir. Müstəqil və güclü olmaq üçün zamanında əsaslı maliyyə yatırımları edilib. Ölkəmizin inkişafında bu amillər çox ciddi rol oynayır.

Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məqsədlərdəndir. Buna görə də yeni qlobal nizamın regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq istiqamətində ölkəmizin nələr əldə edəcəyi, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı ölkəmiz üçün çox önəmlidir.

Hümbətova Zərinə

Elm xadimi,  Ziyalı