Onlardan kömək istəyən şəxsin pulunu oğurladılar – Videobackend

Abşeron rayonunda zərərçəkənin etibarından sui-istifadə edərək bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar.

DİN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsində naməlum şəxslər bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edən onun kartında olan 902 manat ələ keçiriblər. Kart sahibi bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 2 nəfərə müraciət edib. Həmin şəxslər kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat veriblər. Həmin şəxslər kartın sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər – Kənan İmamverdiyev və Mehman Cəfərli tutulublar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Kənan İmamverdiyev və Mehman Cəfərlinin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.