Oqtay Əliyev hansı xəstəlikdən əziyyət çəkib? – “Dərmanları atmaqdan imtina edirdi”backend

Əməkdar mədəniyyət işçisi, tanınmış prodüser Oqtay Əliyevin avtomobil qəzasında dünyasını dəyişməsi onun personası ətrafında müzakirələrə rəvac verib. Dəhşətli qəzanın baş verdiyi gündən bəri mərhumun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı müxtəlif mülahizələr səslənib.

Gündəmə gələn ilk iddia O.Əliyevin ürəktutmadan dünyasını dəyişməsidir. Hətta yaxınları mərhumun kəskin ürək ağrısından əziyyət çəkdiyini iddia ediblər. Sonradan isə bu iddialar təkzib edildi. Məlum oldu ki, O.Əliyev heç vaxt ürəyindən şikayətçi olmayıb və bununla bağlı müalicə almayıb. Prodüserin huşunu itirdiyi üçün qəza törətdiyi də iddia olunur.

Mərhum Oqtay Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanın sənət dostlarından biri “Yeni Sabah”a maraqlı məlumatlar verib. Onun sözlərinə görə, O.Əliyevin səhhətində həqiqətən də problem olub. Dilarə xanımın rəfiqəsi bildirib ki, mərhum ən azı 1 ildir ki, müalicə alırmış. O, O.Əliyevin hansı xəstəlikdən müalicə aldığını açıqlamayıb:

“Bu barədə məndə də dəqiq məlumat yoxdur. Çünki onlar Oqtay müəllimin səhhəti ilə bağlı informasiyanı gizli saxlayırdılar. Amma sağlıq durumunun qənaətbəxş olmadığını dəqiq bilirəm. Həkimi Oqtay Əliyevə müalicə yazmışdı. O isə özünü yaxşı hiss etdiyini deyərək, dərmanları atmaqdan imtina edirdi. Dilarə xanım dəfələrlə mənim yanımda həkimə zəng edərək, Oqtay Əliyevə təzyiq göstərməsini xahiş etmişdi. Hər dəfə onun zəngindən sonra həkimi Oqtay müəllimi arayıb dərmanları atmalı olduğunu xatırladırdı. Etik olmadığı üçün mən heç vaxt Oqtay müəllimin səhhəti barədə sual vermirdim. Çünki onda hər hansı xəstəliyin əlaməti müşahidə edilmirdi, şən və enerjili idi”.